Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir.
Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində Baş prokuror BMT-nin Korrupsiyaya qarşı Mübarizə aparan hüquq mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) Panel müzakirələrinə qatılıb. Şəbəkənin rəhbərliyi Azərbaycanın qurumun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib.
Baş prokuror çıxış edərək bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində BMT və digər beynəlxalq təşkilatların layihələrinin aktiv iştirakçısı olmaqla xarici tərəfdaşlarla əməkdaşlığa mühüm əhəmiyyət verir. Qlobal Əməliyyat Şəbəkəsinin cari ilin may ayında Bakı şəhərində baş tutmuş 6-cı Plenar Sessiyası xüsusilə məhsuldar olub.
Belə ki, 90-dan artıq ölkənin 300-dən yuxarı nümayəndəsinin bir araya gəldiyi görüşlərdə təsisatın fəaliyyəti üçün təməl təşkil edən Şəbəkə üzvləri arasında məlumat mübadiləsinin Nümunəvi Razılaşması və Aparıcı Göstərişlər məhz Bakıdakı müzakirələr nəticəsində qəbul edilib.
Bununla yanaşı, Assambleyanın Plenar iclasına paralel olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) və Yaşıl İqlim Fondunun birgə təşkilatçılığı ilə ətraf mühitin qorunması ilə bağlı müxtəlif məsuliyyət tədbirlərinə həsr edilmiş xüsusi sessiya keçirilib.
Sessiyada çıxış edən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycanın prokurorluq orqanları tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmiş preventiv tədbirlər, eləcə də pozuntu hallarına görə tətbiq edilən məsuliyyət tədbirləri barədə geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Assambleyanın Plenar iclasının növbəti günündə səsvermələr nəticəsində Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilmiş Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli sədrlik edib.
Plenar sessiyada iştirakçı ölkələrin nümayəndə heyətlərinin korrupsiyaya qarşı mübarizə üzrə milli səviyyədə həyata keçirilən tədbirlərlə bağlı hesabat məruzələri dinlənilib.
Assambleya dekabr ayının 19-dək öz işini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB