"Bu addımlar ölkənin intellektual potensialını gücləndirir" - ŞƏRH

"Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan dövlətçiliyinin inkişafının demək olar ki, bütün əsas istiqamətlərini əhatə edir. Təhsil sahəsində aparılan islahatlar müasir standartlara uyğun infrastrukturun yaradılması, müəllim heyətinin peşəkarlığının artırılması və s. ilə diqqət çəkir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu addımlar ölkənin intellektual potensialını gücləndirir, gənc nəsli müasir bilik və bacarıqlarla təmin edir və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır: "Mədəniyyət sahəsində görülən işlər milli irsin qorunması və təbliği, muzey və teatr infrastrukturunun yenilənməsi, həmçinin beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi ilə özünü göstərir. Bu, Azərbaycanın mədəni dəyərlərinin dünya miqyasında tanıdılması və ölkə imicinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, sosial rifahın artırılması istiqamətində həyata keçirilən proqramlar pensiya və sosial təminat sistemlərinin modernləşdirilməsi, aztəminatlı ailələr üçün dəstək tədbirləri, səhiyyə xidmətlərinin genişləndirilməsi cəmiyyətin rifahını yüksəlməsinə xidmət etməklə, sosial sabitliyi möhkəmləndirir və vətəndaşların dövlətə etimadını artırır.
İqtisadi inkişaf sahəsində aparılan siyasət ölkənin davamlı böyüməsini təmin edir. Yeni sənaye zonalarının yaradılması, sahibkarlığın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması və enerji sektorunda layihələrin genişləndirilməsi iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Bu, həm də Azərbaycanın regionda iqtisadi və siyasi mövqeyini gücləndirir və strateji təşəbbüslərin maliyyə əsasını formalaşdırır.
Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi sahəsində aparılan işlər isə qanunvericilik islahatlarını, hüquqi mexanizmlərin təkmilləşdirilməsini, həmçinin dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasını əhatə edir. Bu addımlar uzunmüddətli strateji hədəflərin həyata keçirilməsinə və idarəetmədə şəffaflığın təmin olunmasına töhfə verir.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan cəmiyyətinin intellektual, mədəni və sosial potensialını gücləndirməyə xidmət etməklə, iqtisadi və siyasi dayanıqlılığı təmin edir. Bu kompleks yanaşma Azərbaycanın uzunmüddətli strateji inkişaf hədəflərinə xidmət edir və cəmiyyətin intellektual-mədəni potensialının möhkəmlənməsinə mühüm töhfə verir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə