“Azərbaycanın Əlcəzairlə Beynəlxalq Platformalarda əməkdaşlıq siyasəti əhəmiyyətlidir“ - ŞƏRH EDİLDİ

“Azərbaycanın Əlcəzairlə ikitərəfli münasibətləri hazırda yüksək səviyyədə inkişaf etməkdədir və bu əlaqələr təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, hər iki ölkə bir sıra beynəlxalq və regional tərəfdaşlıq platformalarında, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmayan Ölkələr Hərəkatı çərçivəsində səmərəli və dinamik əməkdaşlıq nümayiş etdirir: “Bu təşkilatlar daxilində Azərbaycan və Əlcəzairin mövqeləri bir çox məsələlər üzrə üst-üstə düşür ki, bu da qarşılıqlı siyasi dialoqun möhkəmlənməsinə şərait yaradır. Bununla belə, qeyd etmək lazımdır ki, iki ölkə arasında mövcud münasibətlərin bütün potensial imkanlarından hələ tam şəkildə istifadə olunmayıb. Lakin artıq müəyyən institusional baza və əməkdaşlıq mexanizmləri formalaşıb ki, bu da gələcək mərhələlərdə əlaqələrin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Əlcəzairin keçmiş Fransa müstəmləkəsi kimi üzləşdiyi tarixi ədalətsizliklər və hüquq pozuntuları məsələsində Azərbaycanın tutduğu prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən “Bakı prosesi” çərçivəsində XIX əsrin ortalarından etibarən Fransız müstəmləkəçiliyinin Əlcəzairdə törətdiyi kütləvi qətliamlar, milyonlarla günahsız insanın həyatına son qoyulması faktları ilə bağlı öz etiraz səsini açıq şəkildə ifadə edib. Bu mövqe tarixi ədalətin bərpasına yönəlmiş beynəlxalq müzakirələrin aparılmasına mühüm töhfə verib.

Eyni zamanda, Azərbaycanın Fransa tərəfindən Əlcəzairdən qanunsuz şəkildə aparılmış maddi-mədəni irsin geri qaytarılması təşəbbüslərini dəstəkləməsi, habelə Əlcəzairin milli azadlıq uğrunda mübarizə aparmış qəhrəman övladlarının nəş qalıqlarının Fransada saxlanılmasına etiraz etməsi iki ölkə arasında həmrəyliyin bariz nümunəsidir. Bundan əlavə, XX əsrin ortalarında Fransanın Əlcəzair ərazisində həyata keçirdiyi qanunsuz nüvə sınaqlarının yaratdığı ağır humanitar və ekoloji fəsadlara görə kompensasiya tələblərinin Azərbaycan tərəfindən müdafiə olunması Bakı-Əlcəzair münasibətlərinin siyasi və mənəvi dərinliyini göstərir.

Ümumilikdə, Azərbaycan və Əlcəzair arasında qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlər formalaşıb. Bu əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq platformalarda ölkələrin bir-birini dəstəkləməsi üçün geniş imkanlar yaradır. Xüsusilə Azərbaycan-Əlcəzair birgə komissiyasının yaradılması ilə bağlı məsələnin hüquqi müstəvidə yekunlaşması əməkdaşlığın institusional səviyyədə möhkəmlənəcəyindən və münasibətlərin yeni, daha perspektiv mərhələyə qədəm qoyacağından xəbər verir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə