Terrorizmə qarşı mübarizədə Azərbaycanın mövqeyi nədir ? - DEPUTAT DANIŞDI

Dünyada son illərdə terror aktlarının artması qlobal təhlükəsizlik üçün ciddi problemə çevrilib. Müxtəlif regionlarda baş verən bu hücumlar insanların həyatına, cəmiyyətlərin sabitliyinə və dövlətlərarası münasibətlərə mənfi təsir göstərir. Terrorun yayılmasına siyasi münaqişələr, sosial bərabərsizlik, radikallaşma və informasiya texnologiyalarından sui-istifadə kimi amillər təsir edir. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq, maarifləndirmə və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir.

Məsələ ilə bağlı millət vəkili Günay Ağamalı SİA-ya fikirlərini bölüşüb:

“Terror anlayışı ilkin olaraq hər kəsdə eyni fikir və düşüncə formalaşdırsa da, mahiyyət etibarilə onun fərqli maraqları və xarakteristikası olur. Bəzi hallarda heç bir siyasi ambisiyası və ya siyasi mövqeyi olmayan, lakin anlaqsız durumda olan şəxslərin müxtəlif hadisələr və qətllər törətdiyinin şahidi olmuşuq. Bu psixoloji aspektdən olan məsələ olduğu üçün buna yanaşmalar da müxtəlif ola bilər. Terror təşkilatları isə sırf ayrı-ayrı dairələrin və ya ölkələrin geosiyasi ambisiyalarına xidmət etmək məqsədilə əksər hallarda həmin dövlətlərin kəşfiyyat orqanlarının vasitəsilə yaradılan silahlı qruplaşmalardır. Ölkəmiz və qardaş Türkiyə uzun müddət məhz "ASALA" terror təşkilatının hücumlarına məruz qalmış və həmin hücumlar nəticəsində itkilər yaşamışdır. Təbii ki, terorizmə qarşı beynəlxalq müstəvidə mübarizə metodları var və onlar müxtəlifliyi ilə seçilir. Yəni, ya lokal şəkildə başqa dövlətlərin ərazisində hərbi əməliyyatlar keçirilir və yaxud daxildə hər hansı təmizlənmə prosesi reallaşdırılır.

Terrorizmə qarşı mübarizədə Azərbaycanın mövqeyi və yanaşmaları bəllidir. Biz terroru rədd edirik. Bu istiqamətdə ardıcıl və prinsipial mövqe nümayiş etdirən ölkələrdənik. Dövlətimiz beynəlxalq antiterror təşəbbüslərində fəal iştirak edir, regional və qlobal təhlükəsizliyə töhfə verir. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət göstərir ki, təhlükəsizlik, sabitlik və insan həyatının qorunması dövlətimizin siyasətinin əsas prioritetlərindəndir”.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə