"Slovakiya və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq qurur" - ŞƏRH

"Slovakiya Avropa İttifaqına üzv dövlətdir və Avropa İttifaqının digər ölkələri kimi bu gün bir sıra enerji problemləri ilə üz-üzədir. Rusiya–Ukrayna müharibəsi və Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində Avropa artıq bir neçə ildir ki, enerji çətinliyi yaşayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, Slovakiya da bu vəziyyətdən təsirlənən ölkələr sırasındadır: "Bu baxımdan Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər təkcə siyasi dividendlər baxımından deyil, həm də iqtisadi və xüsusilə enerji sahəsində böyük əhəmiyyət kəsb edir.

Siyasi baxımdan Slovakiya ilə Azərbaycan arasında yaxşı və qarşılıqlı faydalı münasibətlər mövcuddur. Diplomatik səviyyədə əlaqələr yüksəkdir və logistika, kənd təsərrüfatı, “yaşıl keçid” kimi sahələrdə də əməkdaşlıq potensialı mövcuddur. Qırx dörd günlük Vətən müharibəsindən sonra da Slovakiya Azərbaycana dəstək göstərmiş Avropa ölkələrindən biri olmuşdur.

Amma ən vacib məsələ enerji sahəsidir. Çünki Slovakiya digər Aİ ölkələri kimi Rusiya enerjisindən asılılığını azaltmağa çalışır. Bu kontekstdə Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi kimi ön plana çıxır. Azərbaycan qazı və nefti artıq Türkiyə üzərindən Avropaya ötürülür və bu, enerji qıtlığının aradan qaldırılmasına mühüm töhfə verir. Strateji baxımdan da Azərbaycan və Slovakiya arasında anlayış və əməkdaşlıq mövcuddur. Hərçənd digər sahələrdə də inkişaf var, lakin münasibətlərin əsas sütunu məhz enerji əməkdaşlığıdır. Azərbaycan bu sahədə böyük potensiala malikdir və Avropa bazarında öz payını artırmaqdadır. Bu da Slovakiya ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olur.

Təbii ki, bu da gələcəkdə iki ölkə arasında böyük yeni imkanlar yaradır. Çünki Slovakiyanın həm kənd təsərrüfatı, həm yaşıl enerji, həm İT, həm də digər sahələrdə böyük nailiyyətləri var ki, bundan da Azərbaycan bu gün yararlana bilər. Əsas məsələ isə enerji baxımından hər iki ölkə arasında idxal–ixrac məsələsinin xüsusi əhəmiyyət kəsb etməsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə