Azərbaycan-Slovakiya münasibətlərində enerji və innovasiya tərəfdaçlığının yeni mərhələsi - MƏQALƏ
Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda qardaş ölkələrlə strateji tərəfdaşlığın möhkəmləndirilməsi nə qədər prioritetdirsə, müxtəlif regionlara mənsub dövlətlərlə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, əməkdaşlıq imkanlarının artırılması və beynəlxalq dialoqun inkişafı da ölkəmizin çoxşaxəli diplomatik xəttinin əsas istiqamətlərindən birini təşkil edir. Bu baxımdan, Slovakiya Respublikası ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Slovakiya Respublikası dövlətimizin müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. Dövlətlərimiz arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Prezident İlham Əliyevin 2004-cü ilin 18-19 mart tarixlərində Slovakiya Respublikasına işgüzar səfəri, o cümlədən bu ölkənin baş nazirləri Peter Pelleqrinin 2018-ci il, Robert Fitsonun isə 2024- cü ildə Azərbaycana səfərləri dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişafına öz müsbət təsirini göstərmişdir.
Cari ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına ilk rəsmi səfərinietdi. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış etdilər.
Dövlət başçımız çıxışına ötən il Slovakiya və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırladaraq başladı.Şübhəsiz ki, bu sənəd iki dövlət arasındakı münasibətlərin mahiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir, əməkdaşlığımızın bütün sahələr üzrə intensivləşməsinə zəmin yaradır. Artıq bir çox istiqamətdə birgə komandalar fəal şəkildə çalışır, iqtisadi işçi qrupun fəaliyyəti genişlənir və əlaqələrin institusional əsasları möhkəmləndirilir.
Prezident İlham Əliyev ənənəvi əməkdaşlıq sahələrindən biri olan energetikanın hazırda Azərbaycan–Slovakiya münasibətlərində xüsusi yer tutduğunu vurğuladı. Keçən il ilk dəfə Azərbaycan qazının Slovakiyaya təchiz olunması bu sahədə dönüş nöqtəsi oldu. Azərbaycanın geniş qaz ehtiyatları, yeni yataqların işlənməsi və ixrac imkanlarının artması Slovakiyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bu gün dövlətimiz 14 ölkəyə qaz ixrac edir və boru kəmərləri vasitəsilə ixrac olunan təbii qaz üzrə lider təchizatçılardan biridir. Ümumi qaz ixracı 25 milyard kubmetr təşkil edir və bunun yarısı Avropa ölkələrinə yönəldilir. Avropa İttifaqına üzv 8 ölkənin məhz Azərbaycan qazı ilə təmin olunması Azərbaycanın qitənin enerji təhlükəsizliyindəstrateji əhəmiyyətini təsdiqləyir. Slovakiyaya və yaxın region ölkələrinə gələcək illərdə daha böyük həcmdə qaz təchizatı isə reallaşması gözlənilən perspektivlərsırasındadır.
Dövlət başçısının diqqətə çatdırdığı məqamlardan biri də Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq oldu. Belə ki, Slovakiya ilə əməkdaşlığı bu sahədə yeni texnoloji həllərin yaradılması, birgə istehsal xəttlərinin qurulması və sənaye potensialının modernləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident buradakı məqsədin müharibəyə hazırlıq deyil, iqtisadi-tətbiqi sənaye sinergiyasınınformalaşdırılması olduğunu bildirdi.
Slovakiya texnologiyalarının Azərbaycan maliyyə resursları ilə birləşdirilməsi dünya bazarında rəqabətqabiliyyətli məhsulların istehsalına şərait yaradacaq . Bu istiqamətdə konkret layihələr üzərində iş aparılması, müqavilələrin hazırlanması və yüksək səviyyəli təmasların intensivləşməsi iki ölkənin müdafiə sənayesi əməkdaşlığına strateji baxışının göstəricisidir.
Cənab Prezident Azərbaycanın Vətən müharibəsində Qələbəsinin beşinci ildönümünün qeyd olunduğu 8 noyabr ərəfəsində Slovakiyanın baş nazirinin müavini və müdafiə nazirinin Bakıya səfərini xatırlatdı. Bu səfərlər həm siyasi dəstək jesti, həm də strateji əməkdaşlığa verilən dəyərin göstəricisidir. Bu cür yüksək səviyyəli əlaqələr, ikitərəfli münasibətlərin gələcək illərdə daha da genişlənməsi üçün mühüm siyasi baza yaradır.
Son illərdə dövlətlərimiz arasında münasibət təkcə siyasi dialoq müstəvisində deyil, həm də iqtisadi, enerji, nəqliyyat və yüksək texnologiyalar sahələrində də inkişaf etməkdədir..
Prezident İlham Əliyev Mərkəzi Asiyanı Avropaya birləşdirən ən etibarlı və təhlükəsiz marşrut olan Orta Dəhlizin məhz ölkəmizinərazisindən keçdiyini vurğuladı. Bu, ölkənin strateji əhəmiyyətini artırmaqla yanaşı, Avropa dövlətləri, o cümlədən Slovakiya üçün geniş ticarət, logistika və iqtisadi əməkdaşlıq imkanları açır.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanın malik olduğu böyük enerji ehtiyatları ölkənin gələcək texnoloji tərəfdaşlıq layihələri üçün mühüm üstünlük təşkil edir. Belə ki, hazırda ölkədə istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və qarşıdakı beş ildə bu göstəricinin 8 giqavata çatdırılmasıplanlaşdırılır. Bu isə data mərkəzlərinin, bulud platformalarının və süni intellekt infrastrukturunun inkişafı üçün əsas dayaqlardan biridir.
Yüksək enerji tələbi olan süni intellekt sistemləri və iri həcmli data mərkəzləri üçün Azərbaycan əlverişli coğrafi və iqlim şəraitinə malikdir. Xüsusilə ölkəmizin soyuq bölgələri bu tip infrastrukturların daha səmərəli və dayanıqlı fəaliyyətinə imkan yaradır.
Dövlət başçısı Azərbaycanın beynəlxalq data mərkəzləri üçün potensial regional habkimi çıxış etməsinə şərait yaratdığını bildirib. Slovakiya texnologiya şirkətlərinin təcrübəsi ilə Azərbaycanın enerji və coğrafi üstünlüklərinin sintezi iki ölkə arasında yeni iqtisadi əməkdaşlıq istiqamətinin formalaşmasına xidmət edəcək.
Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri zamanı mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan təkcə enerji ölkəsi deyil, həm də innovasiyalara, yüksək texnologiyalara və rəqəmsal infrastruktura açıq olan etibarlı tərəfdaşdır. Slovakiya ilə əməkdaşlıq istiqamətlərinin genişlənməsi, xüsusən də data mərkəzləri, süni intellekt və bulud texnologiyaları sahəsində birgə təşəbbüslərin gündəmə gətirilməsi iki ölkənin qarşılıqlı maraqlarının real potensiala çevrildiyini təsdiqləyir.
Azərbaycanın artan enerji imkanları, əlverişli coğrafiyası və siyasi sabitliyi ilə Slovakiyanın yüksək texnoloji bilik və təcrübəsinin vəhdəti regional əməkdaşlıq üçün yeni üfüqlər açmaqdadır. Bu səfər həm strateji tərəfdaşlıq baxımından dönüş nöqtəsi, həm də gələcək onilliklər üçün rəqəmsal transformasiya modelinin əsas konturlarını müəyyən edən mühüm siyasi mesaj oldu.
Beləliklə, dövlət başçımızın Slovakiya səfəri ölkələrimiz arasında daha çevik, texnologiya mərkəzli və qarşılıqlı səmərəyə əsaslanan əməkdaşlığın yeni mərhələsinin təməlini qoydu.
Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB