"Ermənistanın konstitusiya dəyişikliyi siyasi gərginliyi və geosiyasi təzyiqi artırır" - POLİTOLOQ ŞƏRH ETDİ
"Ermənistanın konstitusiya dəyişikliyi prosesi hazırda həm daxili siyasi mühitdə, həm də regional geosiyasi balansda ciddi gərginlik yaradan məsələlərdən biridir. Bu proses təkcə hüquqi sənədin yenilənməsi deyil, ölkənin gələcək siyasi kursunun, təhlükəsizlik müttəfiqliklərinin və milli kimlik konsepsiyasının dəyişməsi anlamına gəldiyi üçün dərin müqavimətlə qarşılaşır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyətində konstitusiya dəyişikliyi ideyasına münasibət çox parçalanmışdır: "Hakimiyyət bunu Qərb istiqamətinə inteqrasiya və yeni regional reallıqlara uyğunlaşma üçün zəruri addım kimi təqdim etsə də, revanşist dairələr, kilsə və radikal millətçi qruplar bu addımı “milli dəyərlərə zidd” və ya “Qarabağdan imtina” kimi qələmə verir. Bunun nəticəsində daxili siyasi gərginlik artır, küçə aksiyalarının və zorakı toqquşmaların ehtimalı yüksəlir.Ermənistanın təhlükəsizlik sektorunda, xüsusilə orduda da müəyyən müqavimət müşahidə edilir. Silahlı qüvvələr daxilində Rusiyayönlü dairələrin mövcudluğu konstitusiya dəyişikliyinin sürətlə və maneəsiz həyata keçirilməsini çətinləşdirir. Referendum yolu ilə dəyişiklik tələbi isə prosesin legitimliyi ilə bağlı mübahisələr yarada bilər. Müxalifətin mümkün boykotu referendum nəticələrini siyasi mübarizənin mərkəzinə çevirəcək və bu, ölkənin ümumi siyasi sabitliyini sual altına qoya bilər. Bütün bu daxili təlatümlər fonunda Rusiyanın Ermənistanla bağlı yeni planı daha da kritik məna kəsb edir. Moskva parlament seçkilərinə qədər regionda nüfuzunu tam itirmək istəmir və buna görə də Ermənistana qarşı daha çox təzyiq alətlərini işə sala bilər. Bu təzyiqlər əsasən üç istiqamətdə özünü göstərir: siyasi manipulyasiya, iqtisadi asılılıq mexanizmləri və təhlükəsizlik sahəsində təsir imkanlarının artırılması. Rusiya Qarabağdan köçmüş radikal qrupları və Ermənistan daxilindəki revanşist qüvvələri Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiq vasitəsinə çevirməyə çalışa bilər. Eyni zamanda enerji asılılığı, qaz qiymətləri, sərhəd ticarəti və miqrantlar məsələsi Moskvanın əlində mühüm leverec olaraq qalır. KTMT-dən uzaqlaşma cəhdlərini əngəlləmək üçün isə Rusiya sərhəd bölgələrində vəziyyəti qeyri-sabit saxlamaq taktikasına üstünlük verə bilər.
Bütün bunlar Ermənistanın siyasi gələcəyinə birbaşa təsir göstərir. Əgər konstitusiya dəyişikliyi daxili gərginliyi daha da artırsa və Rusiya tərəfindən təzyiqlər güclənsə, bu, ölkədə siyasi parçalanmanı dərinləşdirə və hakimiyyət dəyişikliyi riskini artıracaq. Digər tərəfdən, bu proseslər Ermənistanın Qərb və Rusiya arasında seçim dilemmasını daha da sərtləşdirir. Qərbə inteqrasiya kursunun davam etməsi Rusiyanın siyasi, iqtisadi və təhlükəsizlik sahəsindəki təpkilərini gücləndirə, Rusiyaya doğru geri dönüş isə ölkənin demokratik inkişaf perspektivlərini zəiflədə bilər. Nəticə etibarilə, Ermənistan hazırda həm daxili, həm də xarici təzyiqlərin kəsişdiyi çox mürəkkəb siyasi mərhələdən keçir və konstitusiya dəyişikliyi bu mübarizənin əsas mərkəzinə çevrilmiş vəziyyətdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB