"Cibuti ilə vizasız səfər sazişi əməkdaşlığı yeni mərhələyə daşıyır" - Pərvanə Vəliyeva
“Azərbaycan və Cibuti Respublikası arasında formalaşmış dostluq münasibətləri uzun illərdir davamlı şəkildə inkişaf edir. 1996-cı ildə qurulan diplomatik əlaqələr sonrakı dövrdə siyasi, humanitar və təhsil sahələrində ardıcıl əməkdaşlıqla daha da möhkəmlənib”. SİA xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Sazişin təsdiqi ilə bağlı müzakirələr zamanı deputat Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, iki ölkə arasında 2012-ci ildən etibarən viza rejiminin sadələşdirilməsi istiqamətində mühüm addımlar atılıb və parlamentlərarası əlaqələr intensivləşib: “Azərbaycan tərəfi təhsil, səhiyyə və humanitar sahələrdə Cibuti vətəndaşlarına davamlı şəkildə dəstək göstərib. 2019–2024-cü illər ərzində Cibuti gəncləri ölkəmizin müxtəlif təqaüd proqramlarından faydalanıb, İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində minlərlə insan üçün tibbi müayinələr və yüzlərlə əməliyyat təşkil olunub. COVID-19 dövründə isə Cibutiyə ÜST vasitəsilə maddi yardım təqdim etdik”.
Deputat qeyd edib ki, bu humanitar və diplomatik fəaliyyətlər nəticəsində iki ölkə arasında güclü tərəfdaşlıq formalaşıb: “Bu günədək 5 qarşılıqlı sənəd imzalanıb, 2 sənəd isə baxılma mərhələsindədir. Cibutinin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda Azərbaycanı ardıcıl dəstəkləməsi münasibətlərimizin strateji xarakter daşıdığını göstərir”.
P.Vəliyeva vurğulayıb ki, 2023-cü ilin sentyabrında Nyu-Yorkda imzalanmış viza tələblərindən azad olunma sazişi əməkdaşlığı yeni mərhələyə daşıyır: “Saziş diplomatik və xidməti pasport sahiblərinin hər 180 gün ərzində 90 gün müddətinə vizasız səfər etməsini təmin edir və qarşılıqlı gediş-gəlişi xeyli asanlaşdırır. Bu mexanizm təkcə texniki sənəd deyil — etimad, əməkdaşlıq və tərəfdaşlıq mühitinin daha da möhkəmlənməsidir”.
Deputat həmçinin Cibutinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini xatırladıb: “1993-cü ildə BMT Təhlükəsizlik Şurasında qəbul olunan 4 qətnamənin qəbulunda Cibuti ölkəmizin mövqeyini dəstəkləmişdir. Eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanla həmrəyliyini nümayiş etdirmiş, 2017-ci ildə isə Xocalı soyqırımını tanıyan qətnamə qəbul etmişdir”.
Sonda Pərvanə Vəliyeva parlament üzvlərini sənədin lehinə səs verməyə çağırıb: “Bu saziş iki ölkə arasında möhkəm təmələ söykənən dostluğun və qarşılıqlı dəstəyin növbəti təsdiqidir. Komitələrdə müsbət rəylər verilib və hesab edirəm ki, bu sənəd əməkdaşlığımızın genişlənməsinə yeni imkanlar açacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB