“Azərbaycan regional qərarların qəbulunda söz sahibi kimi çıxış edəcəkdir” - DEPUTAT DANIŞDI
“Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü regionun gələcək inkişaf strategiyasını formalaşdırmaq, ölkələrarası əməkdaşlığı dərinləşdirmək və yeni regional təşəbbüsləri razılaşdırmaq baxımından olduqca əhəmiyyətli olacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, son illər Azərbaycanın Mərkəzi Asiya ölkələriylə iqtisadi, nəqliyyat, investisiya və enerji sahələrində əməkdaşlığı güclənməkdədir: “Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq vahid siyasi format səviyyəsinə yüksəlibdir. Artıq bu əlaqələr tarixi-mədəni yaxınlıqdan daha geniş, daha funksional və daha strateji bir məzmuna malikdir.
Mərkəzi Asiya üçün Orta Dəhlizin inkişafı çox böyük əhəmiyyət daşıyır. Belə ki, yüklərin Avropaya daha səmərəli daşınması məsələsi prioritetdir. Beləliklə dövlətimiz Mərkəzi Asiyanın Avropa və Xəzər regionu ilə əlaqələrinin gücləndirilməsində vasitəçi ola bilər.
Artıq Azərbaycan Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur və bu istiqamətdə keçirilən bütün təmaslarda tamhüquqlu iştirakçı statusu da qazandı. Bu, sadəcə simvolik jest deyil, yeni bir siyasi xəritənin formalaşması deməkdir. Azərbaycanın Mərkəzi Asiya platformasına daxil edilməsi son illər dövlətimizin bu öklələrlə sürətlə inkişaf edən strateji əməkdaşlığından irəli gəlir.
Bu qərardan sonra Azərbaycanın yalnız müşahidəçi və ya tərəfdaş kimi deyil, məhz regional qərarların qəbulunda söz sahibi kimi çıxış edəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB