"Bakı Mərkəzi Asiya ilə əməkdaşlığı gücləndirir" - ŞƏRH EDİLDİ

"Azərbaycanın Mərkəzi Asiya ilə daha da yaxınlaşmaq istəyi dövlət başçısı tərəfindən dəfələrlə bəyan edilib. Bu, Azərbaycanın Mərkəzi Asiyanın tərkib hissəsi kimi özünü göstərməsi xətti yalnız taktiki bir addım deyil. Bu, Azərbaycan hakimiyyətinin strateji vizyonunun mühüm bir parçasıdır". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan “5+1” formatında Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı daha da gücləndirməklə həm özünün geosiyasi nüfuzunu artırır, həm təhlükəsizlik sahəsində tərəfdaşlıqlar əldə edir, həm iqtisadi imkanlarını genişləndirir, həm də bütün Avrasiya məkanında müstəqil siyasət yürüdən, müstəqil oyunçu olmaq hədəfini ortaya qoyur.

Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında körpü rolunu oynamalıdır. Mərkəzi Asiya dövlətləri Azərbaycanın logistika imkanlarından faydalanmağa çalışırlar: "Orta Dəhlizin əhəmiyyəti getdikcə artır və Zəngəzur dəhlizinin işə düşməsi yükdaşımaların həcmini xeyli artıracaq. Bu isə təbii olaraq Azərbaycana tranzit gəlirlərinin daxil olmasını təmin edəcək.

Həm Mərkəzi Asiya dövlətləri, həm də Azərbaycan üçün müəyyən mənada Rusiya təhdidi mövcuddur. Bu təhdidin qarşısını almaq üçün “5+1” formatında əməkdaşlıq çox vacibdir. Aydındır ki, bu əməkdaşlığın dərinləşməsi nə Rusiya, nə də İran tərəfindən məmnuniyyətlə qarşılanacaq. Lakin buna baxmayaraq, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə sıx əməkdaşlıq yolunu tutub və bu, perspektivdə ölkəmizə ciddi üstünlüklər qazandırır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə