Şimali Kipr Türk Cümhuriyyətinin 42-ci ildönümü münasibətilə rəsmi tədbir keçirilib – YENİLƏNİB / FOTOLAR

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) elan edilməsinin 42-ci ildönümü münasibətilə rəsmi tədbir keçirilib. SİA xəbər verir ki, mərasim Türkiyə təyyarəsi qəzası zamanı həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə rəsmi şəxslər, diplomatik korpus nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Mərasimdə Şimali Kipr Türk Cümhuriyyətinin yaranma tarixi, müstəqillik mübarizəsi və qardaş Türkiyə ilə dostluq əlaqələrinin əhəmiyyəti vurğulanıb. Tədbir çərçivəsində çıxışlar, təqdimatlar və mədəni proqramlar keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək Şimali Kipr Türk Cümhuriyyətinin demokratik və müasir dövlət kimi möhkəmləndiyini bildirib.

Deputat qeyd edib ki, Kipr türkləri bütün çətinliklərə baxmayaraq, müstəqillik və suverenlik uğrunda mübarizəni qətiyyətlə davam etdirirlər. O, Kipr probleminin ədalətli həllinin yalnız adada yaşayan iki xalqın bərabər suverenliyi əsasında mümkün ola biləcəyini vurğulayıb.

Cavanşir Feyziyev, həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına qoşulmasının mühüm tarixi hadisə olduğunu qeyd edib: “Bu addım Kipr türklərinin Türk dünyasındakı yerini daha da möhkəmləndirir və ortaq dəyərlərimizi birləşdirir".

Deputat əlavə edib ki, ŞKTC ilə Azərbaycan arasında iqtisadi, təhsil və mədəni sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir: “Bu münasibətlər Kipr türklərinin haqlı mübarizəsinə verilən qardaş dəstəyinin bariz nümunəsidir".

Tədbirin sonunda qonaqlar üçün rəsmi ziyafət təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə