Eskişehir Azərbaycanlıları Dərnəyi (ESAZDER) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə “44 Günə Yazılan Dastan: Qarabağ Zəfəri” adlı panel və bayram tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Eskişehirin Taşbaşı Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, rəsmi şəxslər, siyasi partiyaların və QHT-lərin nümayəndələri, elm adamları, tələbələr və vətəndaşlar iştirak ediblər.
Açılış nitqində Valeh Hacıyev qeyd edib ki, Qarabağ Zəfəri Azərbaycan Ordusunun qəhrəmanlığı və Türkiyənin mənəvi dəstəyi ilə qazanılmış bir dastandır: "Bu zəfər Türk birliyinin nə qədər güclü olduğunun ən canlı sübutudur".
Çıxışlardan sonra tədbir panel iclası ilə davam edib. Eskişehir Osmanqazi Universitetinin professoru Fərzanə Dövlətabadinin moderatorluğu ilə baş tutan paneldə Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl və Ankara Universiteti Hüquq fakültəsinin professoru Cavid Abdullazadə çıxış ediblər.
Məruzələrdə Qarabağ Zəfərinin beynəlxalq hüquqi aspektləri, regionda yaratdığı geosiyasi nəticələr və türk dünyası üçün strateji əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Paneldən sonra ESAZDER gəncləri tərəfindən təqdim olunan rəqs və musiqi proqramı tədbir iştirakçılarının böyük marağı ilə qarşılanıb.
Kamilə Bağırzadənin “Ağ çiçəyim” rəqsi, Ayan Süleymanovanın oxuduğu "Azərbaycan" mahnısı, Davud İbrahimov və Səma Niftəliyevanın “Uzundərə” xalq rəqsi, həmçinin Elvin Məmmədlinin muğam ifası tamaşaçıları duyğulandırıb.
Proqram Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş videonun təqdimatı və səhnədə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Dərnəyin sədri Cavid Aydın çıxışında Azərbaycan–Türkiyə qardaşlığının tarix boyunca sarsılmaz bağlara söykəndiyini vurğulayıb: "Qarabağ Zəfəri iki qardaş ölkənin könül birliyinin simvoludur. Biz bu ruhu gənclərimizə ötürməyə və yaşatmağa davam edəcəyik".
Sonda tədbir iştirakçıları Qarabağ Zəfərinin Türk dünyasında yaratdığı birlik, güvən və qürur hissini bir daha xatırladaraq “Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!” şüarı ilə tədbiri yekunlaşdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB