"8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan tarixində Qarabağ Zəfərinin simvolik zirvəsini ifadə edən əlamətdar gündür. Bu gün yalnız bir şəhərin azad edilməsini deyil, həm də xalqın əzmini, milli həmrəyliyini və dövlətin strateji gücünü əks etdirir. Şuşa zəfəri təkcə hərbi uğur deyil, həm də siyasi, mədəni və mənəvi baxımdan Azərbaycan üçün dönüş nöqtəsidir. Bu qələbənin başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji və siyasi təməl üzərində formalaşmışdır. O, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini və Qarabağın gələcəkdə ölkə nəzarətinə qayıtmasını hədəfləyirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, sonrakı illərdə həyata keçirilən kompleks tədbirlər və məqsədyönlü siyasət Azərbaycanı dünya səviyyəsində söz sahibi edən, güclü iqtisadi və hərbi potensiala malik bir dövlətə çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz ən müasir silah və texnika ilə təmin edildi, şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığı artırıldı: "Bu addımlar həm Qarabağda ədalətin bərpasına, həm də BMT Təhlükəsizlik Şurasının illərlə yerinə yetirilməyən qətnamələrinin icrasına zəmin yaratdı. Xalqın öz lideri ətrafında birləşməsi və milli həmrəyliyi də bu qələbənin mühüm şərtlərindən biri oldu.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən qeyd edirdi ki, Şuşasız bu iş yarımçıq qalacaq. 44 günlük müharibə dövründə ordumuz dayanmadan Şuşaya irəlilədi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə illərlə xəyal kimi görünən arzunun gerçəyə çevrilməsi oldu. Şuşa əməliyyatı, rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin sıldırım dağlardan, dərin dərələrdən keçərək düşməni şəhərdən qovması ilə tarixə yazıldı. Bu əməliyyat Qarabağ Zəfərinin zirvəsi hesab olunur.
Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının qüruru və birliyi özünü göstərdi. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu qələbə döyüş meydanında qazanılmışdır, danışıqlar masasında deyil. O, həmçinin xalqın dəstəyinin və inamının ordunun gücünü artırdığını vurğulamışdır. Bu, milli həmrəyliyin rəmzi olan “dəmir yumruq” metaforası ilə ifadə olunur ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün maneələri dəf edə bilir.
2020-ci ilin noyabrında Şuşanın azad edilməsi ilə Qarabağ Zəfəri əbədi təsbit edildi. 2021-ci il yanvarın 14-də Azərbaycan Prezidenti Şuşa şəhərində üçrəngli bayrağı ucaltdı və bu hadisə xalqımız üçün tarixi əhəmiyyət daşıdı. Bundan əlavə, 8 Noyabr Azərbaycan Respublikasında “Şuşa şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunur.
Şübhəsiz ki, Azərbaycan yalnız Şuşanın azad edilməsi ilə kifayətlənə bilməzdi. Çünki ərazilərimizdə hələ də sepparatçı rejim mövcud idi. Çox keçmədi ki, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə Qarabağda terrorçuların və separatçı rejimin də mövcudluğuna birdəfəlik son qoyuldu. Cəmi 23 saat 48 dəqiqə davam edən bu əməliyyat Ali Baş Komandanın qətiyyətini və Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən yenidən ağ bayraq qaldıraraq təslim oldu və Azərbaycanın gücü bütün regiona nümayiş etdirildi.
Azad edilən Şuşa şəhəri yalnız hərbi və strateji əhəmiyyətə malik deyil. Bu qədim şəhər Azərbaycanın tarixi-mədəniyyət irsinin mühüm mərkəzidir. 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin tarixi hissəsi tarix-memarlıq qoruğu elan olunmuşdur. Şuşa şəhərinin azad edilməsindən sonra aparılan bərpa və yenidənqurma işləri onun tarixi simasını qorumaqla yanaşı, şəhərin müasir inkişafını da təmin edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci il mayın 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu addım şəhərin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliği üçün hüquqi və təşkilati əsaslar yaratdı. Ardınca 2022-ci il “Şuşa İli” elan edildi və şəhər beynəlxalq səviyyədə tanındı. 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Şuşa Türk dünyasının mədəniyyət paytaxtı, 2023-cü il sentyabrın 25-də Qətərdə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. 2023-cü il oktyabrın 5-də isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu qazandı. Bu beynəlxalq tanınma Şuşanın yalnız Azərbaycan üçün deyil, bütün Türk və İslam dünyası üçün əhəmiyyətini göstərir.
Şuşa şəhərinin bərpası, infrastruktur layihələri və “Zəfər Yolu”nun inşası şəhərin müasir inkişafının əsas simvollarıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə salınmış 101 km uzunluğundakı Zəfər Yolu həm tarixi, həm də strateji əhəmiyyət daşıyır. Şuşanın bərpası çərçivəsində modul tipli xəstəxana, yaşayış kompleksləri, turizm obyektləri, hotellər və konqres mərkəzləri istifadəyə verilib. Tarixi abidələr bərpa olunmuş, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri yenidən yerləşdirilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin tarixi-mədəni quruluşunu qorumaqla müasir infrastrukturun inkişafını təmin edir. Planlaşdırmada yaşayış fondu, sosial və mədəni-məişət obyektləri, yol şəbəkəsi, ictimai nəqliyyat, piyada və velosiped yolları nəzərə alınmışdır. Bu plan şəhərin həm tarixi simasını, həm də gələcək yönümlü inkişafını təmin edəcək.
Beləliklə, Şuşa yalnız Qarabağ Zəfərinin simvolu deyil, həm də Azərbaycanın mədəni, tarixi və strateji irsinin daşıyıcısıdır. Şuşa şəhəri həm milli qürurumuzun təntənəsi, həm də dövlətin gücünün, xalqın birliyinin və strateji qətiyyətin göstəricisidir. Bu şəhər, tarixi-mədəniyyət abidələri, bərpa edilmiş infrastrukturu və beynəlxalq tanınması ilə gələcək nəsillər üçün zəngin irs daşıyıcısı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB