"Qazaxıstan Azərbaycan üçün qardaş dövlətdir. Bu ölkədə təbii ki, həm də azərbaycanlılar yaşayır. Eyni zamanda bizi tarixi bağlar bir-birimizə yaxınlaşdırır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, müasir dövrdə isə Qazaxıstanın yeraltı neft-qaz sərvətlərinin Azərbaycan üzərindən Avropaya daşınması ilə bağlı da böyük işlər görülür: "Yəni faktiki olaraq biz iqtisadi cəhətdən də çox bağlıyıq, yaxınıq. Bundan əlavə, Qazaxıstan və Azərbaycan beynəlxalq platformalarda həmişə bir-birini dəstəkləyib, qarşılıqlı şəkildə bir-birinin məsələlərində söz sahibi olublar. Xalqlarımız arasında münasibətlər çox yüksək səviyyədədir. Bir-birimizə çox bağlıyıq, bir-birimizi çox sevirik. Bu illər ərzində Azərbaycan Prezidentinin Qazaxıstana artıq yeddinci səfəridir. Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev də Azərbaycana altı dəfə səfər edib. Yəni faktiki olaraq Qazaxıstanla iç-içəyik və bu səfər də istisna deyil.
Qazaxıstanla münasibətlərin daha yüksək səviyyəyə qaldırılması baxımından bu səfər olduqca əhəmiyyətlidir. Eyni zamanda unutmamalıyıq ki, həm Qazaxıstan, həm də Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucu və tamhüquqlu üzvləridir. Hər iki dövlət həm də Müstəqil Dövlətlər Birliyinin üzvüdür. Qazaxıstan Ermənistanın işğalı dövründə Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib. Belə bir şəraitdə cənab Prezidentin qardaş ölkəyə səfəri təbii və vacib addımdır. Belə səfərlər həmişə əhəmiyyətli olub və bundan sonra da əhəmiyyətini qoruyacaq. Ümumiyyətlə, bu cür səfərlərin intensivliyi olduqca vacibdir, çünki dövlətlər arasında səfərlər nə qədər çox olarsa, xalqlar arasında münasibətlər bir o qədər istiləşər, qarşılıqlı anlayış və yaxınlıq daha da dərinləşər. Prezident İlham Əliyevin Qazaxıstana səfərini də məhz bu baxımdan dəyərləndirmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə