Ağdərədə növbəti kütləvi məzarlıq aşkarlanıb - DTX-nin rəisi

Bütün çətinliklərə baxmayaraq, 2025-ci ildə Dövlət Komissiyası aidiyyəti dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə üç dəfə ən çətin relyefə və kəskin hava şəraitinə malik Kəlbəcər rayonundakı Murovdağ silsiləsində axtarış və qazıntı işlərini həyata keçirib. Əvvəlki illərdə Kəlbəcər istiqamətində axtarış-qazıntı işləri aparılsa da, bu il artıq bu proses sistemli şəkildə, dron texnologiyası tətbiq edilməklə həyata keçirilib və müsbət nəticə əldə edilib. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Əli Nağıyev bildirib ki, hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış-qazıntı işlərini davam etdirir. Keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata əsasən, kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib. Tədbirin proqramına əsasən, sabah konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə