"1993-cü il 3 oktyabr seçkiləri Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi" - MÜNASİBƏT BİLDİRİLDİ
"1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkəmizin müasir tarixində həlledici dönüş nöqtəsi olmuşdur. O dövr Azərbaycan üçün son dərəcə mürəkkəb və təhlükəli idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, müstəqilliyini yenicə bərpa etmiş ölkə daxildə siyasi böhran, iqtisadi çətinliklər və hərbi-siyasi təhdidlərlə üz-üzə idi. Hakimiyyətin səriştəsizliyi nəticəsində dövlət idarəçiliyində xaos yaranmış, torpaq itkiləri davam etmiş, müxtəlif silahlı dəstələrin və siyasi qruplaşmaların toqquşması vətəndaş müharibəsi təhlükəsini qaçılmaz etmişdi: "Belə bir zamanda xalqın təkidli çağırışı ilə siyasi rəhbərliyə qayıdan Heydər Əliyevin prezident seçilməsi Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edirdi. Onun hakimiyyətə gəlişi ilk növbədə ölkədə siyasi sabitliyi təmin etdi, silahlı qrupların nəzarətsiz fəaliyyəti dayandırıldı, dövlət institutlarının fəaliyyəti bərpa edildi. Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Heydər Əliyevin rəhbərliyi dövründə milli həmrəylik təmin edildi, cəmiyyət dövlətin və müstəqilliyin qorunması ideyası ətrafında birləşdirildi. Yeni Konstitusiyanın qəbulu, qanunçuluğun bərqərar olunması, dövlət idarəçiliyinin mərkəzləşdirilməsi dövlət quruculuğu prosesini gücləndirdi. Eyni zamanda xarici siyasətdə balanslı kurs həyata keçirilməyə başlandı, Azərbaycan beynəlxalq aləmdə təcriddən çıxaraq mühüm geosiyasi tərəfdaşlarla əlaqələr qurdu. Bütün bunlarla yanaşı, Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu. Neft strategiyası həyata keçirildi, iqtisadi dirçəliş üçün şərait yaradıldı. Bu addımlar ölkənin həm siyasi, həm də iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət etdi. Beləliklə, 1993-cü ilin 3 oktyabr seçkiləri yalnız bir siyasi liderin hakimiyyətə gəlişi yox, həm də müstəqil Azərbaycanın dağılmaq təhlükəsindən xilas olunması, sabitliyin bərqərar edilməsi və gələcək inkişaf yoluna qədəm qoyması baxımından tarixi əhəmiyyətə malikdir. Heydər Əliyevin prezidentliyi ilə Azərbaycan strateji inkişaf, sabitlik və beynəlxalq nüfuz mərhələsinə daxil oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə