"Azərbaycan son illərdə beynəlxalq siyasətdə önəmini artırmaqdadır və bu tendensiya azalma ilə deyil, əksinə, hər keçən gün daha da güclənməklə davam edir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin BMT-dəki çıxışı, beynəlxalq şirkətlərin ölkəmizə maraq göstərməsi, tranzit layihələrin şərqdən qərbə, şimaldan cənuba Azərbaycan üzərindən keçməsi və bu yolların zaman və iqtisadi baxımdan daha əlverişli olması ölkəmizin gücünə və önəminə əlavə dəyər qatan əsas amillərdəndir: "Qeyd etmək lazımdır ki, bu layihələrin bir qismi artıq fəaliyyətə başlasa da, hələ tam gücü ilə işləmir. Sabah bu nəqliyyat və enerji marşrutları tam şəkildə fəaliyyətə düşsə və işlək mexanizmə çevrilsə, Azərbaycanın beynəlxalq əhəmiyyəti bu günkindən qat-qat artacaq.
Ölkəmiz bu mövqeyini qoruyub saxlamaq və daha da artırmaq üçün tərəfdaşlıq siyasətini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirməlidir. Tərəfdaşların artırılması vacibdir və bu, yalnız Yaponiya, Koreya və ya Qərb dövlətləri ilə məhdudlaşmamalıdır. Yaxın Şərqdə atılan addımlar da bunu sübut edir. İsraillə yaxınlaşma, Suriya ilə bağlı proseslər, həmçinin Suriyadan İraqa uzanan enerji layihələrində iştirak mesajları Azərbaycanın regional mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.
Azərbaycan tərəfdaşlarının sayını nə qədər çoxaltsa, onun qlobal arenadakı əhəmiyyəti bir o qədər artacaq. Bu isə ölkəmizin yaxın gələcəkdə dünya siyasətinin, biznesin, diplomatiyanın və beynəlxalq münasibətlərin əsas mərkəzlərindən birinə çevrilməsi üçün mühüm zəmin yaradacaq. Bu istiqamətdə daha ciddi və məqsədyönlü fəaliyyət göstərilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə