"Zəngəzur dəhlizi Azərbaycanın iqtisadi və geosiyasi gücünü möhkəmləndirir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Zəngəzur dəhlizi Azərbaycanın müasir tarixində ən mühüm geosiyasi layihələrdən biri hesab olunur. Bu dəhlizin reallaşması ölkəmizin həm iqtisadi, həm də strateji baxımdan imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanı birbaşa Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyə ilə quru yolu vasitəsilə birləşdirir. Bu, ölkəmizin daxili nəqliyyat bağlantılarını möhkəmləndirməklə yanaşı, Azərbaycanı beynəlxalq logistika şəbəkələrinin mərkəzinə çevirir: "Dəhlizin açılması Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzərində Azərbaycanın rolunu gücləndirir və ölkəmizi Çindən Avropaya uzanan mühüm ticarət xəttində əsas tranzit qovşağa çevirir. İqtisadi baxımdan bu layihə yeni yük daşımalarının ölkəmiz üzərindən keçməsini təmin edərək tranzit gəlirlərini artıracaq, həmçinin yerli sənaye, logistika və xidmət sektoruna yeni investisiya axınını stimullaşdıracaq. Naxçıvanın iqtisadi izolyasiyasının aradan qalxması isə bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verəcək.
Geosiyasi müstəvidə Zəngəzur dəhlizi Azərbaycanın regional mövqeyini daha da gücləndirəcək. Bu layihə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını möhkəmləndirir, Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığı dərinləşdirir və ölkəmizin Avrasiya məkanında strateji əlaqə nöqtəsinə çevrilməsinə imkan yaradır. Bundan əlavə, bu dəhlizin işə düşməsi Azərbaycanın müstəqil xarici siyasət xəttini gücləndirərək regiondakı təsir imkanlarını artırır. Ümumilikdə, Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də Azərbaycanın iqtisadi dayanıqlığını möhkəmləndirən, regional güc balansında rolunu yüksəldən və beynəlxalq nüfuzunu artıran strateji bir addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə