"Ən önəmlisi heç bir vasitəçi olmadan nəticənin əldə olunması idi" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan tarixində elə günlər var ki, onların mahiyyəti təkcə keçmişin deyil, gələcəyin də konturlarını müəyyən edir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü də məhz belə bir tarixdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.
Turan Rzayev sözlərinə belə davam edib: "Bu gün rəsmi sənədlərlə, beynəlxalq hüququn dili ilə Azərbaycanın öz ərazisi üzərində tam və birmənalı suverenliyini təsdiq etdiyi gündür. 2023-cü ilin 20 sentyabrında Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın Konstitusiya quruluşu bərpa edildi. Bununla da ərazimizdə mövcud olan separatçı rejimə və xarici hərbi-siyasi təsirlərə son qoyuldu. Ən önəmlisi isə heç bir vasitəçi olmadan, birbaşa dövlətin öz gücü ilə bu nəticənin əldə olunması idi. Bu, suverenliyin yalnız kağız üzərində deyil, faktiki olaraq icra olunduğunu göstərdi.
Bu günün gələcək nəsillərə verdiyi ən önəmli mesaj budur: Azərbaycan dövləti öz ərazisində yeganə və mütləq qərarverici orqandır. Heç bir xarici qüvvə, heç bir təzyiq, heç bir güzəşt bu prinsipi dəyişdirə bilməz. Bu, gələcək nəsillər üçün məsuliyyətdir. Onlar bu suverenliyi qorumaqla öhdəlidirlər.
20 Sentyabr həm də onu göstərdi ki, milli iradə və siyasi qətiyyət bir araya gələndə heç bir “dondurulmuş münaqişə” əbədi qala bilməz. Qalib gəlmək üçün yalnız güc yox, həm də səbir, strateji təfəkkür və milli həmrəylik lazımdır. Azərbaycan artıq nə zamansa “bərpa olunacaq” suverenliyin deyil, artıq bərpa edilmiş və qorunan suverenliyin ölkəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə