"İkinci Qarabağ zəfəri və antiterror əməliyyatı yeni reallıq yaratdı" - MÖVQE BİLDİRİLDİ

"Azərbaycanın ikinci Qarabağ müharibəsində əldə etdiyi qələbədən artıq 5 il, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatından isə iki il ötür. Bu iki tarixi hadisə təkcə Azərbaycanın hərbi-siyasi tarixində deyil, bütövlükdə Cənubi Qafqaz regionunun gələcək inkişafında dönüş nöqtəsi oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsi Azərbaycanın 30 ilə yaxın davam edən işğala son qoyması və ərazi bütövlüyünü təmin etməsi ilə nəticələndi. Bu, dövlətin beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi və suverenliyinin bərpası demək idi: "Digər tərəfdən, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı isə separatizmə tamamilə son qoydu və Azərbaycan ərazilərində qanunsuz silahlı dəstələrin mövcudluğunu aradan qaldırdı. Bu qələbələrin regional təhlükəsizlik baxımından əhəmiyyəti olduqca böyükdür. Əvvəla, bölgədə artıq yeni bir geosiyasi reallıq formalaşmışdır: Azərbaycan öz gücü ilə beynəlxalq hüququ bərpa edən ölkə kimi nümunə göstərir. Bu, həm regiondakı digər dövlətlər, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır ki, hüquqi ədalət gec-tez bərpa olunur. Eyni zamanda, müharibədən sonrakı mərhələdə aparılan bərpa və Böyük Qayıdış prosesi Azərbaycanın güclü dövlət quruculuğunu nümayiş etdirir. Azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, yeni şəhər və kəndlərin salınması, köçkünlərin yurdlarına qaytarılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Bu, həm də regionun sosial və iqtisadi sabitliyinə birbaşa təsir göstərir.

Geosiyasi baxımdan isə Azərbaycan artıq Cənubi Qafqazın aparıcı güc mərkəzinə çevrilib. Həm enerji layihələri, həm də nəqliyyat-tranzit marşrutları ölkəmizin regional əhəmiyyətini artırır. Qələbə nəticəsində formalaşmış yeni reallıq region dövlətlərini əməkdaşlığa daha çox həvəsləndirir, eyni zamanda sülh müqaviləsi perspektivlərini möhkəmləndirir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirdi, regional sabitliyin təminatına çevrildi və ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Bu uğurlar həm bu günün, həm də gələcək nəsillərin güvənli və firavan həyatının əsasını təşkil edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə