AMEA-da Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş müşavirə keçirilib - FOTOLAR
AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtonda imzaladığı Birgə Bəyannamənin müddəaları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Bu barədə SİA-ya AMEA-dan məlumat verilib.
Tədbiri açan akademik İsa Həbibbəyli qeyd edib ki, avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamə imzalayıblar və bunun ardınca Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Akademik İsa Həbibbəyli bildirib ki, əldə edilmiş razılaşma Prezident İlham Əliyevin uzun illər ərzində apardığı yorulmaz, çoxcəhətli fəaliyyətinin nəticəsidir və bu uğurun dünyanın bir nömrəli dövlətinin paytaxtında baş tutması dövlətimizin başçısının nüfuzunun bariz göstəricisidir.
Bu qələbəyə gətirib çıxaran tarixi hadisələri xatırladan AMEA prezidenti bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş Zəfər, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərilə dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunması nəticəsində tam qələbəmiz təmin edildi, sülh sazişinin paraflanması isə qəti qələbəmizi təsdiqlədi: “Birgə Bəyannamə yekun sülh sazişinin qaçılmaz olduğunu təsdiqləyir. Azərbaycanın və Ermənistanın sülh sazişinin mətnini paraflaması qəti qələbəmizdən xəbər verir. Prezident İlham Əliyev bu qələbəmizin müəllifidir”.
AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin Vaşinqtonda əldə etdiyi digər tarixi nailiyyət isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qərarın qəbul olunması olub və bununla bağlı tərəflər rəsmi şəkildə ATƏT-ə müraciət ünvanlayıblar və bu addım beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir.
Prezident İlham Əliyevin Vaşinqton səfərinin bir çox tarixi nailiyyətlərlə yadda qaldığını qeyd edən akademik İsa Həbibbəyli bunlardan digər önəmli hadisənin isə ABŞ-ın ölkəmizə qarşı qəbul etdiyi 907-ci düzəlişin 33 il sonra Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində qüvvədən düşməsi olduğunu deyib.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ Prezidenti ilə birgə keçirdiyi görüşdə əldə olunan ən böyük razılaşmadan biri də ölkəmizin əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək Zəngəzur dəhlizi, yəni “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılığın əldə edilməsi olub.
Prezident İlham Əliyevin Vaşinqtonda əldə etdiyi tarixi nailiyyətlərin cəmiyyətdə, mediada, sosial şəbəkələrdə və beynəlxalq elmi müstəvidə təbliğində Azərbaycan alimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyən akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının məqalə və müsahibələrlə mediada çıxış etmələri, respublika və beynəlxalq konfranslarda bu mövzuda məruzələr təqdim etmələri barədə tapşırıqlarını verib, bunun alimlərimizin dövlətimiz qarşısında mənəvi borcu olduğunu bildirib.
Müşavirədə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Milli Məclisin deputatları Elnarə Akimova, Vasif Qafarov, AMEA-nın müşaviri akademik Yaqub Mahmudov, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər doktoru Ramilə Dadaşova və Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxış ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan tarixinin mühüm mərhələlərindən biridir. Vaşinqtonda sülh sazişinin paraflanması 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin diplomatik nəticəsidir və Prezident İlham Əliyevin uzun illər ərzində apardığı uzaqgörən xarici siyasətin şərəfli yekunudur. Vaşinqtonda əldə edilən tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının və arzularının təcəssümüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə