"Sentyabrın 19–20-si dövlətçiliyin möhkəmlənməsi yolunda dönüş nöqtəsi oldu" - ŞƏRH EDİLDİ

“Antiterror əməliyyatları təkcə Azərbaycanın yerləşdiyi coğrafiyada deyil, bütövlükdə regionda və qlobal miqyasda onun rolunu və strateji əhəmiyyətini artıran ən mühüm hadisələrdən biri kimi tarixə düşüb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, Azərbaycan təxminən 30 ilə yaxın davam edən işğala təkbaşına son qoyaraq, güclü siyasi iradə, peşəkar ordu və məqsədyönlü diplomatik strategiya ilə beynəlxalq arenada özünü sübut etdi:

“2020-ci ildə əldə edilən Zəfərdən sonra ölkəmiz üçün yeni bir mərhələ başlandı – dövlət suverenliyinin tam bərpası və ərazi bütövlüyünün təmin olunması. Bu prosesin kulminasiya nöqtəsi isə 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal antiterror tədbirləri oldu. Bu əməliyyatlar nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazilərində, o cümlədən Qarabağ bölgəsində tam bərpa etdi. Bu tarixi hadisə, həmçinin beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti öz ərazisində istənilən qeyri-qanuni silahlı birləşməyə, separatizmə və qanunsuzluğa qarşı dərhal və adekvat tədbirlər görmək əzmindədir. Bu bütün dünyaya heç kimin Azərbaycanın suverenliyini poza bilməyəcəyini, ərazi bütövlüyümüzü hədəf ala bilməyəcəyini və ola biləcək bütün tədbirlərə operativ cavab vermək qabiliyyətində olduğumuzu sübut etdi. Eyni zamanda, yeni geosiyasi reallıqlar fonunda Azərbaycan artıq regional lider və qlobal orta güc kimi çıxış edir.

2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatları yalnız hərbi-strateji deyil, həm də tarixi-siyasi baxımdan da dövlətçiliyimizin möhkəmlənməsi yolunda dönüş nöqtəsi oldu. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan dövləti milli maraqlarını müdafiə etmək əzmindədir və bu yolda heç bir təzyiq və ya təhdid onu yolundan döndərə bilməz”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə