"Milli həmrəylik və qəhrəmanlıqla həyata keçirilən Şuşanın azad olunması hərbi əməliyyatı hərb sənətinin ən parlaq və ən böyük nailiyyətlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, vaxtilə tarixi dövrün hərbi-siyasi hadisələri kontekstində Şuşanın işğal edilməsi “Dağlıq Qarabağın” Ermənistanla birləşdirilməsinə və 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu vasitəsilə regionun təcrid edilməsinə səbəb olmuşdu. Bu da müharibənin gedişində həlledici rol oynayaraq, düşmənə strateji üstünlük qazandırmışdı. Lakin tarixi ədalətsizlik 30 illik uzun müddəti əhatə etsə də, Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşdı: "Belə ki, strateji əhəmiyyətə malik Laçın Azərbaycan Ordusunun döyüş meydanındakı parlaq qələbəsi və Ermənistanın kapitulyasiya aktına imza atması nəticəsində geri qaytarıldı. Vətən müharibəsi və ondan sonrakı proseslərdə qələbələrimizin davamı olaraq isə 2022-ci il avqustun 26-da Laçının Zabux və Sus kəndlərini nəzarətə götürülməsi ilə ölkəmiz üçün daha bir şanlı tarix yazıldı. Təbii ki, Laçının və kəndlərinin azad edilməsi hərbi baxımdan nə qədər əhəmiyyətli olsa da, tarixi, iqtisadi və siyasi-strateji əhəmiyyəti ilə də seçilir.
Ərazilərimiz işğaldan azad olunduqdan sonra öz yurdlarına qayıdacaq əhalinin təhlükəsizliyinin təmin edilməsi, soydaşlarımızın rahat və təhlükəsiz şəraitdə yaşaması hər zaman dövlətimizin prioriteti olub. Ölkəmizin ən böyük rayonlarından olan Laçının tam nəzarətimizə keçməsi böyük perspektivə orada yaşayan və yaşayacaq əhali üçün təhlükəsizlik baxımından önəmli çalarlarla zəngindir.
Ermənistanın 28 illik işğalı zamanı demək olar ki, rayonun bütün infrastrukturu dağıdılıb və orada qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilib.
Laçının önəmini artıran əsas məqamlardan biri də rayonun Ermənistanla sərhəddə yerləşməsidir. Xatırlayırıq ki, torpaqlarımız işğalda olan zaman aparılan danışıqlarda Laçın rayonuna xüsusi yanaşmanın nümayiş etdirilməsi və Ermənistan tərəfindən zəbt olunan Laçının Azərbaycana qaytarılmasını qəbuledilməz hesab edilib. Çünki düşmən və özünü vasitəçi kimi göstərən beynəlxalq vasitəçilər əslində Ermənistanın maraqları naminə Laçının işğalını möhkəmləndirməyə və unutdurmağa çalışırdılar. Çünki Ermənistanın himayədarları rayonun nə qədər əhəmiyyətə malik olduğunu, Laçın Azərbaycana geri qaytarılarsa, onların qondarma ideyalarının və separatizminin məhvə məhkum olacağını bilirdilər. Ümumilikdə isə Laçın dəhlizi uzun illər ərazi bütövlüyümüzə və suverenliyimizə təhlükə yaradan qüvvələrə görə yaşamaq üçün həyati vasitə kimi qəbul olunub.
Turizm üçün əlverişli mövqeyə malik Laçın kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq sahələrinin inkişaf etdirilməsi baxımından da böyük iqtisadi potensiala malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə