"Böyük Qayıdış prosesi Qarabağı canlandırır" - ŞƏRH EDİLDİ

"Azərbaycan Qarabağda möhtəşəm və tarixi bir qələbə qazandı. Bu qələbə ölkəmizə yalnız ərazi bütövlüyünü bərpa etmək imkanı vermədi, həm də Böyük Qayıdış prosesinə start vermək üçün tarixi bir fürsət yaratdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, artıq bu proses demək olar ki, bütün Qarabağ ərazisini əhatə edir: "Şəhərlər və kəndlər sürətlə bərpa olunur, tarixi simasını itirmiş məkanlar yenidən dirçəlir, yollar, körpülər, məktəblər, mədəniyyət mərkəzləri və məscidlər öz qədim görkəminə qaytarılır.

Bərpa işləri tamamlandıqca keçmiş məcburi köçkünlər öz doğma yurdlarına dönürlər. Xocalıda, Ağdamda, Cəbrayılda, Şuşada, Zəngilanda aparılan genişmiqyaslı yenidənqurma işləri və oraya geri qayıdan insanların sevinci, illərlə çəkən həsrətin sona çatması böyük qürur hissi doğurur. Qarabağın hər bir bölgəsində həyatın yenidən canlandığını görmək, azad edilmiş torpaqlarda uşaqların gülüşünü, insanların torpaqla yenidən bağlanmasını müşahidə etmək hər bir azərbaycanlı üçün dərin mənəvi anlam daşıyır.

Bu bərpa və qayıdış prosesi dövlətin birbaşa nəzarəti altında həyata keçirilir. Tarixi, mədəni və dini abidələr bərpa edilərək öz əvvəlki əzəmətinə qaytarılır. Qarabağı ziyarət etmək istəyən vətəndaşlara xüsusi şərait yaradılır, böyük tədbirlər artıq Şuşa, Laçın, Xankəndi və Zəngilan kimi şəhərlərdə keçirilir. Eyni zamanda bölgəyə qayıdan əhali üçün özünüməşğulluq proqramları həyata keçirilir, yeni iş yerləri açılır, türk dövlətlərinin dəstəyi ilə sənaye müəssisələri qurulur.

Bütün bunlar Qarabağın yalnız fiziki deyil, həm də iqtisadi, sosial və mədəni dirçəlişini təmin edir. Strateji əhəmiyyətli obyektlər, infrastruktur və yollar bərpa olunaraq regionun inkişafı üçün möhkəm zəmin yaradılır. Bir sözlə, Qarabağa həyat qayıdır, torpaqlar yenidən nəfəs alır. Bu gün hər bir azərbaycanlı üçün vətən həsrəti bitib, Qarabağa ayaq basmaq, Böyük Qayıdış prosesinin bir parçası olmaq, azad torpaqlarda addımlamaq misilsiz bir qürur və fərəh mənbəyinə çevrilib".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə