Vaşinqtonda imzalanan razılaşma göründüyündən çox daha böyük məna daşıyır. Paraflanan mətn yalnız iki paytaxt arasındakı diplomatik buzları əritməklə qalmır, həm də Qafqazın geosiyasi kompasını yenidən tənzimləyir. Məsələyə Azərbaycan tərəfindən baxdığımızda, bu, 2020-ci ildəki Qarabağ Zəfərindən sonra Naxçıvana maneəsiz nəqliyyat xətti, oradan da Türkiyəyə və Türk dünyasına açılan qapı deməkdir. Bu, yalnız strateji bir hədəf deyil, Bakı üçün 30 ildən sonra gələn geosiyasi revanşdır.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri Türkiyə mediasının təmsilçisi, siyasi ekspert Güngör Yavuzaslan bildirib.
Vaşinqtonda atılan imzaların sadəcə Azərbaycan üçün deyil, bölgə üçün də mühüm əhəmiyyət daşıdığını qeyd edən şərhçi deyib: “Türkiyə baxımından Zəngəzur Orta Dəhlizin əsas damarıdır. Bakıdan Naxçıvana, oradan Qarsa, Ankaraya və İstanbul üzərindən Avropaya uzanan bu xətt, Çindən Londona qədər fasiləsiz ticarət, enerji və logistika şəbəkəsi deməkdir. Bundan əlavə, bu, Türk Dövlətləri Təşkilatının inteqrasiya olunmuş iqtisadi-siyasi blok halına gəlməsinin infrastruktur dayağıdır. Ankara bu xətti yalnız logistika marşrutu deyil, Türk dünyasının onurğa sütunu kimi görür. Bu baxışın özündə üç əsas sütun, iqtisadi inteqrasiya, mədəni-siyasi birləşmə, eləcə də təhlükəsizlik və müdafiəni birləşdirir”.
O bildirib ki, Vaşinqton zirvəsində ön plana çıxan kritik məsələlərdən biri də 907-ci düzəlişin ləğv edilməsidir. Bu addım ABŞ–Azərbaycan münasibətlərini enerji və müdafiə sənayesindən texnologiyaya qədər geniş bir aspektdə dərinləşdirəcək. Bu, Bakının Qərblə münasibətlərində də yeni bir xəttin formalaşması deməkdir.
“Bu gün Zəngəzur artıq bir coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır. Bu kodu düzgün oxuyanlar təkcə Qafqazı deyil, Avrasiyanın ürəyini də idarə edəcək”, -deyə Güngör Yavuzaslan qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə