2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan Donald Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdir. SİA xəbər verir ki, Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında Donald Trampın prezidentliyi dövründə ABŞ-ın heç bir müharibəni başlatmadığını, onun ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini bildirib.
Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi baş tutdu.
ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanacaq “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur;
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək:
Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə;
Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.
Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.
Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanacaq.
Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdir.
Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təziq vasitəsi kimi istifadə etməyə çalışmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə