"Türkiyə, Azərbaycan və Ermənistanın, Cənubi Qafqazda İran və Rusiyanın təsirini potensial olaraq zəiflədəcək Zəngəzur Dəhlizi layihəsi üzrə razılaşmaya yaxınlaşdıqları barədə çoxsaylı hesabatlar mövcuddur".Bu sözləri SİA-ya açıqlamasında türk jurnalist Ayşegül Akyüz Yahşi deyib.
Onun sözlərinə görə, Rusiya isə qeyri-müəyyənlik içindədir və dəhlizin açılmasını çətinləşdirəcək addımlar atmağa çalışır. Azərbaycanla Ermənistan arasında yaxınlaşma Moskvanı narahat edir: "Belə ki, Rusiya ərazisində azərbaycanlılara qarşı hədəfli basqınlar və həbslər həyata keçirir.
Azərbaycan-Rusiya gərginliyi əslində son beş ildir davam edən və zaman-zaman təhdidkar yanaşmalarla müşayiət olunan bir prosesə söykənir. Təyyarə qəzasından işgəncə nəticəsində ölümə qədər uzanan bu gərginliyin yaxın günlərdə hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çətindir.
Azərbaycanla Ermənistan arasında baş verən son hadisələr bu gərginliyi daha da artırıb. Kreml narahatlığını gizlətmir. Ermənistan isə bu mərhələdə diqqət çəkəcək dərəcədə müsbət yanaşma sərgiləyir. Paşinyanın Türkiyə səfəri Ankara-İrəvan münasibətlərində yeni dövrün formalaşmasına töhfə verəcək əhəmiyyətli addım kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın günlərdə bir araya gələcəyi bildirilir. Bu görüşün Dubayda keçirilməsi planlaşdırılır.
Sözügedən görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli və bölgədə sülhə doğru mühüm addım olması ehtimal olunur. Rusiya üçün isə bu yaxınlaşma Zəngəzur dəhlizindən daha strateji əhəmiyyət daşıyır.
Azərbaycan bu prosesdə ehtiyatla irəliləyir. Mədəniyyət Nazirliyi Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqlardan sonra mədəni tədbirləri və festivalları dayandırdı. Rusiya azərbaycanlıları hər an basqına məruz qalmaq qorxusu ilə yaşayır. Hətta yerli mətbuatda Azərbaycanla bağlı xəbərlərə belə senzura tətbiq olunur.
İranın Zəngəzur dəhlizinə dair narahatlıqları olsa da, o, Rusiya tərəfindən istifadə ediləcək alət deyil. Hazırda Ermənistanla razılaşma əldə olunması İranın da prosesə tərəf kimi daxil olacağına işarə kimi qiymətləndirilir.
Zəngəzur dəhlizinin açılması Azərbaycanla Naxçıvanı, oradan da Türkiyəni birləşdirəcək birbaşa əlaqəni təmin edəcək. Bununla yanaşı, Azərbaycan üzərindən Türkiyə ilə Rusiya arasında fasiləsiz quru və dəmiryolu bağlantısı mümkün olacaq. Həmçinin dəhliz, Naxçıvanı və Azərbaycanı Xəzər dənizi vasitəsilə Asiyaya bağlayacaq. Bu marşrut Sakit və Atlantik okeanları arasında ən qısa tranzit yol kimi çıxış edəcək, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat xətləri üzrə strateji bir qovşaq rolunu oynayacaq. Nəticədə Zəngəzur Avropa ilə Asiya arasında yükdaşımaları üçün əhəmiyyətli bir arteriya funksiyası daşıyacaq.
Dəhlizin açılması yalnız bölgə ticarətini deyil, dünya ticarətini də əhəmiyyətli dərəcədə təsirləndirəcək. Belə bir ümumi marağın mövcud olduğu şəraitdə Rusiyanın da Zəngəzur dəhlizinə müsbət yanaşması gözləniləndir.
Son zamanlar iki ölkə arasında münasibətləri korlamağa yönəlmiş neqativ davranışlar Rusiyayla Azərbaycanın münasibətlərinə zərər vurmaq məqsədi daşıyan “beşinci kolon” fəaliyyətindən qaynaqlana bilər".
Jurnalist qeyd edir ki, bu fəaliyyətin arxasında dayana biləcək tərəflər də nəzərdən keçirilməlidir. Ukrayna, Rusiyaya qarşı yeni bir cəbhə açmaq istəyir. Müharibədən yorulmuş, torpaq və enerji resursları tükənməkdə olan Kiyev, Rusiyanın diqqətini yayındırmaq niyyətində ola bilər. Böyük Britaniya isə BP şirkətləri vasitəsilə Azərbaycanın enerji sektorunda güclü təsirə malikdir və Rusiyanın Ukraynadakı gücünü zəiflətmək istəyir. Digər tərəfdən, İsrail də İran məsələsində Rusiyadan gələn açıqlamalardan narazıdır. Medvedevin İranın nüvə başlıqları ilə bağlı alternativ dəstəklərindən bəhs etməsi İsrailin qəzəbinə səbəb olubsa, cavab tədbiri kimi bu fəaliyyətlər gündəmə gələ bilər.
Nəticə etibarilə, türk dünyasının parlayan ulduzu Zəngəzur dəhlizi üzərindəki sis pərdəsi tezliklə aralanmalıdır. Bu tarixi layihə, xalqların taleyini dəyişəcək qədər mühüm əhəmiyyət daşıyır və onu qeyri-milli qüvvələrin iradəsinə buraxmaq olmaz.
Sözün qısası, bu məsələdə də əsas missiya Prezident Rəcəb Tayyib Ərdoğana düşür. Beynəlxalq sülhün simvoluna çevrilmiş Prezident Ərdoğan, Rusiyayla Azərbaycanı eyni masa arxasına gətirərək razılaşmanı təmin etməlidir.
Bu razılaşmanı quracaq yeganə güc və iradə isə, Türkiyə Yüzyılı daxilində Zəngəzur kimi bir layihənin memarı olan Türkiyə və onun lideri Ərdoğandır.
Bütün xəbərlər Facebook səhifəmizdə