"Forum çərçivəsində Prezidentlə baş tutan söhbət xüsusilə diqqətəlayiq oldu" - Baş icraçı direktor DANIŞDI

"Forumun keçirilməsi olduqca əhəmiyyətli və faydalı oldu. Xüsusilə süni intellektlə bağlı aparılan müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və bir çox mühüm fikir və yanaşmaların səsləndirilməsi ilə yadda qaldı. Bu diskussiyalar süni intellektin medianın gələcək inkişafında oynaya biləcəyi rol, informasiya təhlükəsizliyi, etik çərçivələr və ictimai təsirlər baxımından çoxsaylı suallara aydınlıq gətirdi". Bu sözləri SİA-ya açıqlamasında “Mail and Guardian” qəzetinin baş icraçı direktoru (CEO) Themibisa Fakude deyib.

Onun sözlərinə görə, əldə olunan təcrübə və mübadilə edilən ideyalar göstərdi ki, bu cür tədbirlər yalnız cari problemlərə işıq tutmaqla kifayətlənmir, eyni zamanda gələcəyə yönəlik strateji baxışın formalaşmasında da mühüm rol oynayır: "Ümid edirik ki, bu cür platformalar gələcəkdə də davamlı şəkildə təşkil olunacaq və ölkəmizin daha parlaq, daha dayanıqlı gələcəyi naminə atdığı addımlara əhəmiyyətli töhfələr verəcək. Belə tədbirlər həm də medianın üzləşdiyi yeni çağırışların – texnoloji dəyişikliklərin, informasiya axınının sürətlənməsinin və ictimai gözləntilərin artmasının – daha dərindən dərk edilməsinə, bu dəyişikliklərə uyğunlaşma və cavabvermə bacarığının artırılmasına imkan yaradır.

Forum çərçivəsində Prezidentlə baş tutan söhbət isə xüsusilə diqqətəlayiq oldu. Prezidentin medianın rolu ilə bağlı fikirləri açıq, səmimi və gələcəyə yönəlik idi. O, medianın azad, müstəqil və innovativ şəkildə inkişaf etməsinin vacibliyini vurğuladı və bu istiqamətdə dövlətin göstərdiyi siyasi iradəni, təşəbbüsləri və dəstəyi xüsusi olaraq qeyd etdi. Prezidentin bu məsələyə yanaşması və verdiyi mesajlar bizi həm ruhlandırdı, həm də məsuliyyətimizi artırdı. Açıq şəkildə hiss olundu ki, dövlət rəhbərliyi medianın cəmiyyətə təsir gücünü və strateji əhəmiyyətini dərindən anlayır və bu sahənin inkişafına ciddi önəm verir. Ümumilikdə forum, medianın gələcək perspektivləri və yeni texnoloji çağırışlar fonunda Azərbaycanın tutduğu mövqenin daha da möhkəmləndirilməsi baxımından əlamətdar bir hadisəyə çevrildi".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə