Qazaxıstan mediası Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb
Qazaxıstan mediası Baş nazir Oljas Bektenovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndi şəhərinə səfərini geniş işıqlandırıb. SİA-nın məlumatına görə, Qazaxıstanın Inform.kz, Kazlenta.kz, Kapital.kz, Ortcom.kz və Dknews.kz kimi informasiya resursları qeyd edir ki, sammit çərçivəsində İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusi diqqət nəqliyyat və logistika, energetika, iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya və digər sahələrdə qarşılıqlı fəaliyyətə yönəlib.
Yayımlarda Qazaxıstan hökumət başçısının Trans-Əfqanıstan dəmir yolunun regionun iqtisadi inkişafı üçün əhəmiyyətini vurğuladığı bildirilir. Oljas Bektenovun “Turqundi–Herat” dəmir yolu xəttinin tikintisinə Qazaxıstanın sərmayə yatırmağa hazır olduğunu bildirdiyi fikirlərə yer verilir.
“Qazaxıstan Respublikası hökuməti bu layihənin həyata keçirilməsi ilə bağlı niyyətlərini təsdiq edir. Yaxın vaxtlarda tərəflər arasında müvafiq memorandum imzalanacaq”, – deyə Baş nazirin sözləri mediada sitat gətirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə