Azərbaycan ilə Özbəkistanı birləşdirən bağlar qədim köklərə malikdir

Azərbaycan ilə Özbəkistanı qədim tarixi-mədəni və siyasi əlaqələr birləşdirir.

Ulu Öndər Heydər Əliyevin Özbəkistan ilə Azərbaycan arasındakı münasibətlərin qurulmasında misilsiz xidmətləri olub. Ümummilli Liderin 1996-cı və 1997-ci illərdə Özbəkistana səfəri zamanı iki ölkə arasında bir çox müqavilə imzalanıb.

SİA-nın məlumatına görə, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Deputat vurğulayıb ki, 2022-ci və 2024-cü illərdə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişaf etməsi baxımından imzalanan sazişlər yenilənib. Bu sazişlər 2022-ci ildə bir qədər də artırılıb və daha çox sahəni əhatə edib. Xüsusilə, 2024-cü ilin avqust ayında imzalanmış sazişlərlə bir çox sahələrdə müttəfiqliyə yollar açılıb.

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda olması, paytaxtda Özbəkistanın səfirliyinin yeni binasının açılması və Özbəkistan parkının salınması iki ölkənin münasibətlərinin daha da inkişaf etməsi baxımından çox uğurlu işlərdir. Bu gün Azərbaycan ilə Özbəkistan Turan ideyasının və Türk dünyasının çox güclü resursunu təşkil edir. İki ölkə arasında ortaq dəyərlər, dil və din birliyinin mövcudluğu olduqca əhəmiyyətlidir. Ona görə də tərəflər bütün Türk dünyasının quruculuğunun təməlində dayanan dövlətlər sırasındadırlar.

Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələr günbəgün inkişafdadır. Şübhəsiz ki, iki qardaş ölkənin münasibətlərində hər sahədə yüksəliş tempi var. Üstəlik, bu əməkdaşlıq digər türk dövlətlərinə də birlik baxımından mühüm töhfə verəcək”, - deyə Elnarə Akimova bildirib.

İki ölkə arasındakı münasibətlərin çox böyük perspektiv vəd etdiyini söyləyən deputat deyib: “Azərbaycan ilə Özbəkistan təkcə dost yox, həm də qardaş ölkədir. Bizim böyük müttəfiqlik əlaqəmiz var. Biz bütün sahələrdəki uğurun bəhrələrini bundan sonra da görəcəyik.

Bir məqamı da qeyd edim. Mənim deputat kimi təmsil olunduğum Sumqayıt şəhəri ilə Özbəkistanın Daşkənd şəhəri arasında əməkdaşlıq genişləndirilir. Artıq bununla bağlı müqavilələr imzalanıb. Hesab edirəm ki, Daşkəndin özü də sənaye mərkəzi olaraq böyük perspektivlər vəd edir. Məhz bu iki şəhər arasında müqavilələrin imzalanması həmin şəhərlərin doğmalaşması və qardaşlaşması baxımından da çox uğurludur”.

Bütün xəbərlər Facebook səhifəmizdə