"Hazırda Rusiyada müşahidə etdiyimiz şovinist, diskriminasiyaya əsaslanan və islamofobyönlü siyasət, əslində Rusiyanın əsrlər boyu yürütmüş olduğu imperialist və assimilyasiya siyasətinin davamı, Putinin rəhbərliyi ilə daha qəddar və açıq formada tətbiq edilən versiyasıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Rusiya bu gün yalnız qeyri-slavyan xalqlara deyil, hətta öz "qardaş" hesab etdiyi, dili və dini ortaq olan Ukrayna xalqına qarşı da misilsiz vəhşiliklərə əl atır. Ukrayna şəhərlərinin yerlə-yeksan edilməsi, Buçada törədilən soyqırımı, dinc əhaliyə qarşı tətbiq olunan müasir kütləvi qırğın silahları sübut edir ki, Kremlin siyasəti nəinki multietnik cəmiyyətə, heç humanizmə də söykənmir: "SSRİ dağıldıqdan sonra, xüsusən də 1990-cı illərdən başlayaraq Rusiyada etnik təmizləmə tendensiyası güclənib. Çeçenistanda baş verənlər bunun ən parlaq nümunəsidir. Bu gün isə azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə qarşı sistematik şəkildə aparılan təzyiqlər, fiziki zorakılıq, qanunsuz həbslər, mediada etnik cinayətkar obrazının formalaşdırılması artıq dövlət siyasətinin əsas komponentinə çevrilib.
Əvvəllər bu işləri həyata keçirmək üçün skinhed qruplarından istifadə olunurdusa, bu gün bu vəhşiliyi birbaşa hüquq-mühafizə orqanları – polis, OMON və digər güc strukturları həyata keçirir. Bu strukturlar tərəfindən həyata keçirilən qanunsuzluqlara isə Rusiya Pravoslav Kilsəsi ideoloji zəmin yaradır, öz çıxışları ilə bu vəhşilikləri dini və milli çalarlarla “haqlılaşdırmağa” çalışır.
Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələr bu siyasətin lokal yox, mərkəzdən idarə olunan formada həyata keçirildiyini göstərir. Hüquq-mühafizə orqanlarının qəddarlığı artıq gizlədilmir, bu cinayətlər açıq şəkildə nümayiş etdirilir. “Etnocinayətkarlıq” anlayışının hüquqi diskursa daxil edilməsi isə bu etnik qırğınlara formal “əsas” yaratmaq cəhdidir.
Stalin dövründə belə bir sistem vardı – repressiyalar düşərgə və məhkəmə çərçivəsində aparılırdı. İndi isə insanlar küçədə, evində işgəncə altına alınır, qətlə yetirilir. Bu, sadəcə bir siyasət deyil, sivil dünyaya meydan oxumaqdır.
Azərbaycan xüsusi olaraq hədəfdədir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı – bunların hamısının fonunda Rusiya var. Son illərdə baş verən kiberhücumlar, Mülki təyyarənin vurulması, Rusiya Dumasında Azərbaycana qarşı çıxış edən deputatların məsuliyyətdən yayındırılması da bu siyasətin bir hissəsidir.
Nəticə etibarilə, Rusiya təkcə başqa xalqları deyil, öz cəmiyyətini də məhvə aparan bir ideoloji çöküş yaşayır. Bu prosesin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət, insan haqları təşkilatları və region ölkələri birgə səylə hərəkət etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə