"Savaşın qısa müddətdə sona çatmasına ciddi ehtiyac var" - ŞƏRH EDİLDİ

"İsrail-İran münaqişəsi bölgədə gərginliyi artırır və bu savaşın qısa müddətdə sona çatmasına ciddi ehtiyac var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, artıq bir çox beynəlxalq güc mərkəzləri tərəfindən də gərginliyin azaldılması üçün diplomatik tonların sərtləşdiyi müşahidə olunur: "Dünən BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr də bu istiqamətdə atılan addımların bir hissəsi kimi dəyərləndirilə bilər. Şübhəsiz ki, İranın müttəfiqlərinin bu prosesdə rolu mühümdür. Məhz bu səbəbdən İranın xarici işlər naziri bu gün Rusiyaya səfər edib. Bu səfər zamanı Rusiyanın münaqişəyə dair mövqeyi və mümkün diplomatik istiqamətləri müəyyən olunacaq.

Eyni zamanda, ehtimal edilir ki, yaxın günlərdə İran və ABŞ arasında dolayı və ya birbaşa diplomatik təmaslar baş tuta bilər. Bu da vəziyyətin gələcək inkişafına ciddi təsir göstərə bilər. Qlobal güclərin masaya əyləşməsi bölgədə sabitliyə doğru bir ümid yaradır. Yəqin ki, gələcək danışıqlarda tərəfləri qane edəcək ortaq təmas nöqtələrinin və maraqların təmin olunduğu razılaşmalar əldə oluna bilər.

Bu razılaşmalar nədən ibarət ola bilər?

İlk növbədə, İranın nüvə proqramının müəyyən səviyyədə və ciddi beynəlxalq nəzarət altında qalması ilə bağlı razılıq mümkündür. Bu, həm regional, həm də qlobal təhlükəsizlik baxımından vacib addım sayılır. Doğrudur, hazırkı şəraitdə bu razılaşmanın əldə olunması çətin görünür, lakin qarşılıqlı kompromislərlə irəliləyişə nail olmaq mümkündür.

Bu kompromislərdən biri də İranın İsrailə qarşı ritorikasında və siyasətində ciddi dəyişikliklər etməsi ola bilər. İsrailin "məhv edilməsi" kimi qəbul olunmaz və təhlükəli ritorikadan imtina olunması bölgədə sabitliyə xidmət edən addımlardan biri ola bilər. Artıq zaman yetişib ki, bu cür radikal yanaşmalar aradan qaldırılsın. Çünki bu ritorika və siyasət bölgədə gərginliyin əsas səbəblərindən biridir. Əgər tərəflər reallığı və beynəlxalq maraqları nəzərə alaraq ortaq bir masa ətrafında toplaşarlarsa, münaqişənin siyasi həlli üçün ümidlər daha da artar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə