"Yeni istiqamət və strategiyalar müəyyən olunmuşdur" - Qazaxıstanlı partiya rəsmisi

"Mənim mövqeyim ondan ibarətdir ki, dövlətlərimiz bir-birinə yaxınlaşmalıdır. Bu istiqamətdə bizim "Amanat" Partiyası daim türk dünyasının inkişafı üçün çalışmış və türk dövlətləri arasında partiyalararası əlaqələrin möhkəmləndirilməsi yönündə böyük işlər görmüşdür". Bu sözləri SİA-ya açıqlamasında Qazaxıstanın Amanat Partiyasının siyasi şurasının üzvü Deulet Garvik deyib.

Onun sözlərinə görə, bizim əsas məqsədlərimizdən biri məhz bu dialoq vasitəsilə ölkələrimiz arasında münasibətlərin daha da güclənməsinə töhfə verməkdir: "Bildiyiniz kimi, 2024-cü ildə Qazaxıstan Türk Dövlətləri Təşkilatına sədrliyi həyata keçirəcək. Bu çərçivədə böyük işlər görülmüş, bildiyiniz kimi, yeni istiqamət və strategiyalar müəyyən olunmuşdur. Bu istiqamətdə biz Azərbaycan dövləti ilə daha dəqiq desək, Yeni Azərbaycan Partiyası və onun sədr müavini Tahir Budaqovla birlikdə memorandum imzalamışıq.

Bu memorandum çərçivəsində biz əməkdaşlıq, informasiya mübadiləsi və tədqiqat sahəsində əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Və belə addımların ölkələrimizin xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə, yeni bir səviyyəyə yüksəlməsinə səbəb olacağına inanırıq. Bu məsələdə bizim tam inamımız var".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə