"Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır"

Qubada elmi-praktik konfrans...

Qubada "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır" mövzusunda elmi-praktiki konfrans keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib.

İştirakçılar konfransın bədii hissəsində aşıq musiqisi dinləyib, yallı rəqsinə və Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sərgiyə baxıblar.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov konfransın mahiyyəti barədə ətraflı məlumat verərək, tədbirin Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya kimi Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri müəyyənləşdirməklə, soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini göstərməkdədir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında Qərbi azərbaycanlıların öz tarixi yurd yerlərindən mərhələlərlə deportasiya edildiklərini, onların bu ağrılı proseslər zamanı yaşadıqları müsibətləri dilə gətirib.

Bildirilib ki, tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdumuzdur. 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma prosesinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir.

Konfransda çıxış edənlər Qərbi azərbaycanlıların öz el-obalarına qayıdış əzmi və istəyindən bəhs edib, Vətən həsrətindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə