Türkiyə və Gürcüstan din xadimləri Şuşa şəhəri ilə tanış olub, tarixi məkanları ziyarət edib - YENİLƏNİB

Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhəri ilə tanış olub, tarixi məkanları ziyarət ediblər. SİA xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.

Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Din xadimləri sonra Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları, Mehmandarovların malikanə kompleksi ilə tanış olublar.

Yuxarı Gövhər Ağa məscidində qonaqlara məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub.

Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə