Azərbaycanın Müstəqillik Günü Litvada da qeyd edilib

Azərbaycanın Litvadakı səfirliyi 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib.

SİA-nın məlumatına görə, səfirlikdən bildirilib ki, tədbirdə Litva hökuməti və Xarici İşlər Nazirliyinin nümayəndələri, baş prokuror Nida Qrunskiene, Litva Seyminin, o cümlədən Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri və üzvləri, ictimai-siyasi xadimlər, Vilnüsdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, eləcə də bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Litva və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev 1918-ci ildə Şərqdə yaradılmış ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib, iki ilə yaxın bir müddətdə mövcud olan, atdığı mühüm addımlar və qəbul etdiyi tarixi qərarlarla yadda qalan Cümhuriyyətin 1920-ci ildə bolşevik işğalı ilə süquta uğradığını söyləyib. Həmin dövrdə Litva tatarlarının görkəmli nümayəndələri Macie (Süleyman bəy) Sulkeviçin Azərbaycan Ordusunun Baş Qərargah rəisi, Olgred və Leon (Aslan bəy) Kriçinski qardaşlarının müvafiq olaraq ədliyyə nazirinin müavini və hökumət aparatının rəhbəri vəzifələrində çalışmaqla yeni yaradılmış müstəqil Azərbaycan dövlətinin qurulmasına töhfə verdiklərini qeyd edib.

Səfir ölkəmizin yenidən dövlət müstəqilliyini bərpa etməsindən sonra keçdiyi inkişaf mərhələsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və rəhbərliyi ilə inkişafı, güclənməsi, gündən günə möhkəmlənməsi və bütün sahələrdə böyük uğurlar qazanmasından və beynəlxalq aləmdə əlverişli tərəfdaşa çevrilməsindən danışıb. Azərbaycanın son illərdə qazandı uğurları qeyd edən səfir ölkəmizin ərazi bütövlüyünün bərpası, işğaldan sonrakı dövrdə ərazilərimizin minalardan təmizlənməsi və buradakı bərpa və yenidənqurma işləri, ölkə iqtisadiyyatının şaxələndirilməsi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu, COP29 kimi böyük beynəlxalq tədbirlərə uğurlu ev sahibliyini etdiyini diqqətə çatdırıb.

Səfir, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğulayaraq, bunun ölkəmizdə demokratiyanın təşəkkülü, insan hüquqlarının qorunması və qanunun aliliyinin təmin edilməsində Konstitusiyanın əhəmiyyətinin, eyni zamanda Azərbaycanın bütün ərazisi üzərində tam suverenliyinin bariz göstəricisi olduğunu söyləyib.

Azərbaycan-Litva ikitərəfli münasibətlərinə toxunan səfir T.Qarayev bu ilin noyabrında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını, son 30 il ərzində əlaqələrin dostluq və qarşılıqlı əsasında inkişaf etdiyini, siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndiyini bildirib. Bu meylin qarşıdakı illərdə də davam edəcəyinə və iki xalq arasında dostluq bağlarının dərinləşməsinə xidmət edəcəyinə inamını vurğulayıb.

Tədbir Azərbaycana həsr olunmuş videoçarxların və milli musiqimizin müşayiəti ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə