Müstəqillik Günü münasibətilə Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən Haaqa şəhərində rəsmi qəbul təşkil olunub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildirilib verir ki, tədbirdə Haaqa şəhərinin meri Yan van Zanen, Niderland Krallığının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Vestestrate, həmçinin bu ölkənin rəsmi qurumlarının, müxtəlif nazirliklərinin, diplomatik korpusun, beynəlxalq təşkilatların, siyasi, iqtiasadi, mədəni, elmi-akademik dairələrin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın tarixi, mədəniyyəti və inkişafını nümayiş etdirən videoçarxın təqdimatından sonra çıxış edən ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə Müstəqillik Gününün Azərbaycan tarixində rolu, onun böyük bir coğrafi bölgəyə gətirdiyi yeniliklər, dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəmizin üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışıb. Ümumilli Lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin müstəqilliyinin və dövlətçiliyinin gücləndirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, iqtisadi inkişaf yoluna qədəm qoymasından bəhs edib. Bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan səfir dövlətimizin başçısının məqsədyönlü strategiyası nəticəsində regionun siyasi və iqtisadi mənzərəsinin dəyişdiyi, Azərbaycanın təşəbbüsü ilə regionda strateji enerji və infrastruktur layihələrinin həyata keçirildiyi, bunların Avropa üçün önəmi, habelə ölkəmizin regionun lider dövlətinə çevrildiyi, ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin olunduğu, eləcə də dövlətimiz tərəfindən bölgədə davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlar barədə məlumat verib.
Diplomat Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərə toxunub, son aylarda siyasi dialoqun müntəzəm xarakter aldığı, o cümlədən iqtisadi və humanitar sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərindən danışıb.
Haaqa şəhərinin meri Yan van Zanen müsəlman Şərqində ilk olaraq 1918-ci ildə Azərbaycanda dünyəvi demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib. O, bu respublikanın Azərbaycan tarixində və dövlətçiliyinin inkişafında mühüm yer tutduğunu, bu dövlətçilik ənənələrindən irəli gələrək 1991-ci ildə Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etdiyini deyib. Mer bu kimi tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafı üçün əhəmiyyətini vurğulayıb, gələcəkdə də Azərbaycan mədəniyyətinə dair tədbirlərin keçirilməsindən məmnun olacağını deyib.
Niderland Krallığının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Vestestrate iki ölkə arasında son aylarda siyasi dialoqun intensivləşdiyini, xarici işlər nazirləri arasında təmasların artıdığını söyləyib. O, bu ilin fevralında Niderlandın xarici işlər nazirinin müavini Marsel de Vinkin Azərbaycana səfəri çərçivəsində XİN-lərarsı siyasi məsləhətləşmələrin və digər rəsmi görüşlərin keçirildiyini bildirib, bir neçə ay öncə özünün də Bakıya səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb, bu təmasların əlaqələrin inkişaf istiqamətlərinin müəyyənəşdirilməsi üçün əhəmiyyətini vurğulayıb. Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurlu fəaliyyətini qeyd edərək, kənd təssərrüfatı, su idarəetməsi, nəqliyyat, logistika kimi sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensialdan danışıb. Azərbaycanı uğurlu COP29 münasibətilə təbrik edən E.Vestestrate bu tədbirin ətraf mühit və enerji keçidi kimi sahələrdə də iki ölkə arasında əməkdaşlığa imkanlar açdığını qeyd edib. Son aylarda iki ölkə arasında münasibətlərdəki dinamikadan məmnunluğunu ifadə edərək bunun əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini bildirib.
Tədbirdə ölkəmizin Niderlanddakı səfirliyinin və “Azərxalça” ASC-nin birgə təşkil etdiyi “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” xalça sərgisinin açılış mərasimi ilə bağlı xüsusi videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə