"Azərbaycana dəymiş zərər ödənilməlidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya və Azərbaycan qonşu dövlətlərdir. Qarşılıqlı əlaqələri var, ortaq tarixləri mövcuddur. 2022-ci ildə Rusiya-Azərbaycan arasında birgə fəaliyyət haqqında sənəd imzalanıb. Rusiya və Azərbaycan arasında ortaq tarixə əsaslanan münasibətlər formalaşır. Bu münasibətlərdən irəli gələn dövlətlərin öhdəlikləri mövcuddur. Dövlətlər bir-birinə qarşı münasibətdə suveren hüquqları nəzərə alaraq davranmalıdırlar və münasibətləri qoruyub saxlamalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərində hər zaman müttəfiqlik münasibətlərinə uyğun siyasət həyata keçirilir. Bu baxımdan Rusiyadan da Azərbaycana qarşı münasibətdə eyni gözləntilər mövcuddur: "Məlumdur ki, Azərbaycanın mülki hava təyyarəsi Rusiya ərazisində kənar müdaxilə nəticəsində vurulmuşdur və qəza baş vermişdir. Nəticədə azərbaycanlılar şəhid olmuşdur. Bu hadisədən sonra Rusiya dostluq münasibətlərinə uyğun davranmalı və müəyyən addımlar atmalı idi. Azərbaycan da bu məsələyə görə Rusiyadan gözləntilər içindədir. Birincisi, bu hadisəyə görə Rusiya dövləti rəsmi olaraq üzr istəməlidir. Çünki hadisə Rusiya ərazisində baş verib və bu, üzr tələb edən bir məsələdir".

Politoloq sözlərinə davam edərək bildirib ki, ikincisi, həmin hadisəni törədənlər müəyyən edilməli və cəzalandırılmalıdır. Üçüncüsü, bunun nəticəsində Azərbaycana dəymiş zərər ödənilməlidir: "Düzdür, indi Çikaqo Konvensiyasına uyğun olaraq istintaqın ilkin mərhələsi başa çatıb və əsas istintaq dövrü başlayır. Bu müddət ərzində daha çox məlumat üzə çıxacaq. Amma bütün hallarda Rusiya dövlət olaraq Azərbaycanla münasibətlərində həssas davranmalıdır və Azərbaycanın haqlı iradlarını, tələblərini nəzərə almalıdır. Azərbaycan ümumilikdə müstəqil və suveren siyasət həyata keçirən bir dövlətdir. Qonşularla münasibətlərdə Azərbaycan hər zaman öz milli maraqlarını və suveren hüquqlarını nəzərə alaraq addımlar atır. Bu baxımdan, istər İran, istər Rusiya, istərsə də digər qonşu dövlətlər, Azərbaycanla münasibətlərdə onun milli maraqlarına və suveren hüquqlarına hörmətlə yanaşaraq qarşılıqlı siyasət həyata keçirməlidirlər. Rusiya tərəfindən də bu istiqamətdə gözləntilər məhz bundan ibarətdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə