"Dövlətimizin nüfuzu durmadan yüksəlir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyaya işgüzar səfəri çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen, Albaniya Respublikasının Baş naziri Edi Rama, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilərlə görüşləri dövlətimizin rəhbərinin beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını təsdiq edir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə qeyd edib ki, cənab İlham Əliyevin Tirana şəhərində “Avropa Şurası Birliyi” 6-cı Zirvə toplantısında və Zirvə toplantısının açılış plenar sessiyasında iştirakı, ən mötəbər dövlət rəhbəri olaraq qarşılanması bir daha göstərir ki, Azərbaycan dünyada söz sahibidir, öz yeri var, sayılır və qiymətləndirilir, çünki bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rola malik bir ölkədir və ölkəmiz qitənin 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında fərqlənir.

“Görüşlər zamanı Prezidentimiz Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturunun əhəmiyyətinə diqqəti cəlb etməklə, bu sahədə Orta Dəhlizin böyük rola malik olduğunu bildirdi və bu istiqamətdə yüklərin daşınma həcminin artdığını nəzərə çatdırdı. Alternativ enerji mənbələrinin istifadəsi sahəsində dövlətlərin birgə səyləri çox vacibdir və dövlətimizin bu istiqamətdə səmərəli tədbirlər həyata keçirməsi təqdirəlayiqdir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış Sazişlər buna nümunədir. Həm də “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində aparılan müzakirələr gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Azərbaycan Prezidentinin qaldırdığı məsələlər və qarşıya qoyduğu vəzifələr dövlətimizin və xalqımızın milli maraqlarına əsaslanmaqla bərabər, həm də ölkələr arasında münasibətlərin yaxşılaşdırılmasına, sağlam əməkdaşlığa, sülhə, əminamanlığa və gələcək inkişafa hesablanmışdır. Məhz buna görə də tanınır, inkişaf edir, söz sahibinə çevrilirik və bundan qürur duyuruq”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə