Mayın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəlikdəki məsələlərdən söz açıb. O, “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirələrin aparılacağını vurğulayaraq bildirib ki, bu gün beynəlxalq münasibətlər sistemi dərin böhran içərisindədir. Dövlətlər arasındakı qarşılıqlı münasibət qaydaları və ənənəvi institutların sarsılması xaosa, müharibələrə və qeyri-müəyyənliyə yol açıb. Beynəlxalq münasibətlərdəki bu böhran fonunda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, proqnozlaşdırıla bilən, adekvat, sülhpərvər və milli maraqlara xidmət edən xarici siyasət aparmaq qabiliyyətini nümayiş etdirir. Bu, regionda formalaşmış yeni reallıqlar sayəsində mümkün olub. Bu yanaşma, Azərbaycana ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə imkan verməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu da əhəmiyyətli dərəcədə artırıb.
Komitə sədri deyib ki, Azərbaycanın xarici siyasəti hər zaman obyektivlik, etibarlılıq, qarşılıqlı hörmət, suverenliyə sayğı və daxili işlərə qarışmamaq kimi prinsiplər əsasında qurulub. Bu gün beynəlxalq münasibətlərin tənzimlənməsinin daha da çətinləşdiyi, “Şimal–Cənub” probleminin daha da mürəkkəbləşdiyi bu çətin dövrdə ölkəmiz öz potensialını əminliklə nümayiş etdirir.
Azərbaycanın Qlobal Cənub və Qərb arasında siyasi və iqtisadi dialoqun gücləndirilməsi istiqamətində mühüm körpü rolu oynamaq potensialından bəhs edən Səməd Seyidov qeyd edib ki, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkənin qlobal iqlim gündəliyindəki rolunu və Qlobal Cənub və Qərb arasında iqlim məsələlərində əməkdaşlığın inkişafına verdiyi töhfəni göstərir. Eyni zamanda, Azərbaycanın coğrafi mövqeyi və ölkənin inkişaf etmiş nəqliyyat və enerji infrastrukturu onu regionun əsas tranzit və enerji mərkəzinə çevirib.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın son illər Qlobal Cənubda getdikcə güclənən və beynəlxalq səviyyədə tanınan mövqeyi barədə danışıb. Bildirib ki, Azərbaycan xarici siyasətdə çoxtərəfliliyə böyük dəstək verən ölkələrdən biridir.
Qeyd olunub ki, beynəlxalq arenada yüksəliş mərhələsinə qədəm qoyan Qlobal Cənubda Azərbaycanın artan nüfuzu onun müstəqil, qərəzsiz, beynəlxalq hüquqa və ədalətə əsaslanan çoxtərəfli siyasəti ilə qlobal qeyri-bərabərliyin azaldılmasına, dialoqun qurulmasına verdiyi töhfələrlə bağlıdır. Azərbaycanın Qlobal Cənub ölkələrinin səsi sayılan Qoşulmama Hərəkatına sədrliyi illərində təşkilat Prezident İlham Əliyevin təşəbbüsləri ilə qlobal siyasətdə kifayət qədər aktiv rol oynayıb, inkişaf etməkdə olan ölkələrin səsini beynəlxalq platformalara çatdırıb, onun institusional inkişafında əməli addımlar atılıb, təşkilatın parlament şəbəkəsi və gənclər təşkilatı yaradılıb. Azərbaycan COP29-a sədrliyi dövründə də Qlobal Cənubda liderlik rolunu bir daha təsdiqləyib. Bakının uzun illərdir əldə edilməsi mümkün olmayan nailiyyətə imza ataraq, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ayrılacaq iqlim maliyyəsini 300 milyard ABŞ dolları məbləğində razılaşdırılmasına nail olması COP29-un tarixinə yazılıb.
Nazir müavini Afrika qitəsinin, kolonializmdən əziyyət çəkən ölkələrin Azərbaycana artan marağının əsasında da Azərbaycanın Qlobal Cənubla əməkdaşlığının dayandığını diqqətə çatdırıb.
Xarici işlər nazirinin müavini bildirib ki, BMT daxilində hazırda gedən islahatlarla bağlı danışıqlarda Qlobal Cənub xüsusilə güclü mövqeyə malikdir və Azərbaycanın BMT Təhlükəsizlik Şurasında islahatları dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün daimi üzv yerlərinin təmin olunması məsələlərini qaldırıb.
Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qlobal Cənub platformasının gündəliyindən söz açıb, Azərbaycanın bu platformada əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının, Parlament Şəbəkəsinin və yeni təsis edilən Qlobal Cənub QHT Platformasının Qlobal Cənubun dünyadakı proseslərdə mövqeyinin çatdırılmasındakı əhəmiyyətindən danışıb, Qlobal Cənub gənclərinin səsinin beynəlxalq müstəvidə eşidilməsi və onların iştirakının dəstəklənməsi tədbirlərindən bəhs edib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Fariz İsmayılzadə, Asim Mollazadə, Sevinc Fətəliyeva, Zaur Şükürov, Nəsib Məhəməliyev, Pərvanə Vəliyeva, Rizvan Nəbiyev, Sevil Mikayılova, Gülşən Paşayeva və Nigar Məmmədova çıxışlarında bugünkü müzakirənin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Qlobal Cənubla münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova deputatların qaldırdıqları məsələlərə münasibət bildirib, onların suallarını cavablandırıblar.
Müzakirəyə yekun vuran Səməd Seyidov deyib ki, bu gün ölkəmizin geosiyasi mövqeyi, onun müstəqil xarici siyasəti və həyata keçirdiyi strateji təşəbbüslər Azərbaycana Qlobal Cənub və Qərb arasında mühüm körpü rolunda çıxış etməyə imkan verir. Ölkəmiz bundan sonra da beynəlxalq arenada sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə sadiq qalacaq.
İclasda, həmçinin “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında və “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb.
Qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
12:16
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclası keçirilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclasda “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirələr aparılır.
İclasın gündəliyinə, həmçinin “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələri daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə