Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilib - YENİLƏNİB - FOTOLAR

Bakıda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün türk dünyasında, xüsusən də, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyətin müzakirə olunduğu panel toplantı keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından dəvət edilən nümayəndələr iştirak ediblər.

Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. O bildirib ki, paneldən əvvəl Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyri-türk dövlətlərində yaşayan türklərin qayğı və problemləri ilə məşğul olacaq ayrıca bir strukturun yaradılmasını təklif edib: "Bu qurum Borçalıda, Suriyada və digər dövlətlərdə yaşayan türkləri özündə birləşdirməlidir".

Qazaxıstan Türk Akademiyasının sədr müavini Aksat Kesikbayev isə "Ortaq Türk tarixi" kitabının yazılması üzrə həyata keçirilən işlərdən danışıb: "1991-ci ildə SSRİ-nin süqutundan sonra Ortaq Türk əlifbasının yaradılması təklifi gündəmə gətirilib. Daha sonra Türk Akademiyasının tərkibində bu məqsədlə komissiya yaradılıb. 2023-cü ildə Astanada, 2024-cü ildə isə Bakıda bu komissiyanın iclası keçirilib. Nəhayət komissiya Ortaq Türk əlifbası məsələsində razılığa gəlib. Türk Akademiyasının daha bir layihəsi isə "Ortaq Türk tarixi" kitabının yazılmasıdır. Bu fəaliyyət təkcə keçmişə deyil, həm də gələcəyə hesablanıb. Həmin istiqamətdə fəaliyyət Türk dövlətləri ilə ortaq fəaliyyət formasında həyata keçiriləcək. Türk dünyasının birliyi üçün təkcə tarixi deyil, həm də siyasi, iqtisadi və hərbi əməkdaşlığın gücləndirilməsi son dərəcə zəruridir".

Türk Dövlətləri Təşkilatının Macarıstan Təmsilçiliyinin icraçı direktoru Balazs Hendrik isə ölkəsinin Türk Dövlətləri Təşkilatının fəaliyyətindəki rolunun önəmindən bəhs edib:

"Macarıstan Şərq və Qərb arasında körpü rolunu oynayır. Türk Dövlətləri Təşkilatının Budapeştdəki ofisi Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı təşəbbüsləri dəstəkləyən bir qurumdur. Bu təşkilat Avropanın mərkəzində bizim ortaq dəyərlərimizin qorunmasına xidmət edir. Bu qurum vasitəsilə biz mədəniyyət və digər sahələrdə əlaqələrimizi gücləndirə bilərik. Təmsil etdiyim ölkə məhz buna çalışmaqdadır. Bugünkü panel bizə birliyin heç də mücərrəd anlayış olmadığını deməyə əsas verir. Macarıstan Türk Dövlətləri Təşkilatına üzv olmaqdan qürur duyur. Bizim ölkəmiz Avropada Böyük Türk Mədəniyyətini təmsil edir".

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun isə toplantıya göndərdiyi videomüraciətdə sözügedən tədbirin Türk dünyasının firavanlığı naminə uğurlu olmasını arzulayıb: “Dildə birlik əlaqələrimizi və qarşılıqlı anlaşmanı gücləndirmək, bu dilin daşıyıcısı olan nəsilləri yaşatmaq deməkdir. Fikirdə və əməldə birlik isə gənclərin bacarıqlarının inkişafından texnoloji yeniliklərədək hər sahədə birlikdə addımlamaq mənasına gəlir. Yuxarıda bəhs etdiyim məsuliyyət sayəsində hazırkı panel müzakirəsinin intellektual potensialımızı zənginləşdirməklə yanaşı, daha əmin addımlarla irəliləməyimizə ilham qaynağı olmasını arzu edirəm".

Tədbir bədii hissədən sonra yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə