Qərbpərəstlik oyununun sonu: gözlənilən İFLİC VƏZİYYƏT - TƏHLİL

Haylar vəsait axınının dayandırıldığı zaman hansı hala düşdüklərini özləri də görürlər və iflic olmuş durumlarını etiraf da edirlər. Etiraf edirlər ki, Tramp Ermənistandakı qərbyönlü strukturların maliyyə vəsaitləri ilə təminatına son qoymaqla, onlar sanki oksigen təchizatından məhrum oldular. Hər zaman yardımlara, iyanələrə, dilənçi payına və adının nə olmasından asılı olmayaraq, diləndikləri vəsaitlərə bel bağlayan hayların indi həmin o vəsaitlərdən məhrum olmaları onları iflic vəziyyətinə salıb…

Qərbə yön almaq, bel bağlamaq heç də perspektivli olmadı, siyasi və həm də iqtisadi baxımdan qısa müddətli oldu

“Qərbpərəst” olan siyasi addımların təkcə siyasi baxımdan perspektivsiz olduğu artıq Ermənistanda geniş auditoriya tərəfindən etiraf edilir. Etiraf edilir ki, Qərbyönlü siyasət onları son anda dalana dirəmiş olub. Bu vaxta qədər Qərbə meyl etməyin daha doğru olduğunu iddia edənlər isə hələ də “ortaya çıxmaq” fikrində belə deyillər. Çünki onların kütlə qarşısında deyəcəkləri sözləri yoxdur. Əksinə, kütlənin deyəcəyi sözlər, verəcəyi suallar var. Hər zaman daxili auditoriyaya hesablanan çıxışı ilə ortalıqda var-gəl edən erməni baş nazir və onun hakimiyyət komandası da ağzına su alıb durub və bacardıqca kənardan baxmağa, müşahidəçi qismində olmağa çalışır. Çünki görünən odur ki, Qərbə yön almaq, bel bağlamaq heç də perspektivli olmadı, siyasi və həm də iqtisadi baxımdan qısa müddətli oldu.

Bir zamanlar, daha dəqiq desək, Qərb nağılları ortaya çıxana qədər Rusiyadan yardımlar alan, rusların ətəyini buraxmayan haylar elə məhz həmin o nağıllara aldanaraq əllərində olanı da itirdilər. Yəni, rusların ətəyindən də məhrum oldular. Çünki Qərb ilə bağlı şirniklənmələri fonunda ruslara təpik atmağa başladılar və nankorluqlarını növbəti dəfə ortaya qoydular deyə, birdəfəlik məhrumiyyətlə qarşılaşmalı oldular. Elə bildilər ki, Qərb məhz rusları onların ayaqları altına atan hayları sona qədər düz başında gəzdirəcək və istədiyi qədər də yardımlar, iyanələr, maliyyə vəsaitləri ayıracaq. Yanıldılar. Özü də bərk yanıldılar. Çünki özlərinə məxsus olan hiyləgərlikdən daha böyüyü ilə qarşılaşmalı oldular. “Daş qayaya rast gəlib” zərb məsəlində olduğu kimi, daha böyük oyunu gec də olsa başa düşdülər.

ABŞ-ın xarici siyasətində əsaslı dəyişikliklərin başlanması haylara baha başa gəldi

Donald Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıdışından sonra ABŞ-ın xarici siyasətində əsaslı dəyişikliklərin başlanması elə haylara da baha başa gəldi. Onun ilk və ən nəzərəçarpacaq addımlardan biri xarici yardım proqramlarının, ilk növbədə, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi, yəni USAID vasitəsilə həyata keçirilən proqramların kəskin şəkildə azaldılması və ya tamamilə ixtisar edilməsi oldu. Bu yaxınlarda ABŞ Hökumətinin Effektivliyi Departamenti Ermənistan da daxil olmaqla, ümumi məbləği 215 milyon dollar olan 139 qrantın ləğv edildiyini rəsmən elan da etdi. Belə görünür ki, ermənilərin oksigen balonu bağlandı, çünki yaşamaq, mövcud olmaq və hətta nəfəs almaq barədə ümidləri məhz həmin o aytrılan vəsaitlərə, iyanələrə qalmışdı. Deməli, iflic vəziyyətinə düşüldüyünü söyləməkdə qətiyyən yanlışlıq etmiş olmuruq və bunun bir reallıq olduğu göz önündədir.

Diqqətə çatdıraq ki, 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra Ermənistan ABŞ-dan humanitar, iqtisadi, təhsil və hərbi sahələri əhatə etməklə, düz 3,3 milyard dollardan çox yardım alıb. Bu məbləğin də təxminən 1,3 milyard dollarını məhz ABŞ Beynəlxalq İnkişaf Agentliyi, yəni USAİD ayırıb. Diqqət çəkən bir məqamı yerində xatırladaq ki, Azərbaycan və Rusiyanın timsalında bir çox ölkələrin həmin o USAİD kimi tanınan şeytani təşkilatın vəsaitindən də, özündən də imtina etməsi fonunda Ermənistan böyük qucaq açıb və haylar bu təşkilatı düz başları üstündə oturdublar. Ona görə ki, ermənilər üçün hansısa təşkilatın şeytani bir təşkilat olması, onun fəaliyyətinin qaranlıq və niyyətinin məkrli olması qətiyyən maraqlı olmayıb. Əksinə, maraqlı olan təşkilatın vəsaitləri olub, hansıki indi həmin vəsaitlərdən məhrum olublar. Necə deyərlər, it də gedib, ip də və buna görə də iflic vəziyyət tamamilə məntiqidir.

Amerika tərəfindən Ermənistana edilən yardımının əsas istiqamətləri

Son vaxtlar Ermənistana olan hətta gizli yardımlar barədə məlumatlar belə bir-bir üzə çıxmağa başlayıb. Çünki həmin yardımların kəsilməsi ilə yaranan “rezonans” ən yaxşı halda belə bir effekt verməli idi. Məhz yardımlar haqqında həmin məlumatlar şok edicidir və sayı da nə bitən deyil, nə qurtaran. Belə məlum olub ki, guya İdarəetmə və Demokratik İslahat olan USAID guya qanunun aliliyi və seçki islahatları da daxil olmaqla hökumətin şəffaflığını, hesabatlılığını və effektivliyini artırmaq üçün nəzərdə tutulan proqramlara 51,4 milyon dollardan çox vəsait ayırıbmış. Bununla yanaşı, iqtisadi inkişaf, məhz 2010-cu ildən bəri kənd təsərrüfatının, turizmin, enerji və su ehtiyatlarının inkişafına, o cümlədən innovasiyaların dəstəklənməsinə, eləcə də biznes mühitinin yaxşılaşdırılmasına 91,8 milyon dollar sərmayə də qoyulub. Həmçinin, təhsil və elm sahəsinə belə vəsait ayrılıb. Beləki, Ermənistanın Amerika Universiteti məhz Biologiya və Ətraf Mühit Elmləri üzrə Qabaqcıl Tədqiqat Laboratoriyası yaratmaq üçün 1,8 milyon dollar vəsait alıb.

Vətəndaş cəmiyyəti və media da amerikalıların nəzərindən qaçmayıb. Guya müstəqil jurnalistika və vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaq üçün Hetq və CivilNet kimi təşkilatlara külli miqdarda maliyyə ayrılıb. Eyni zamanda, hərbi əməkdaşlıq sahəsinə də həmçinin “pay” atılıb. Kanzas Milli Qvardiyasının tərəfdaşlıq proqramı vasitəsilə erməni hərbi personalının təlimi, tibbi imkanların təkmilləşdirilməsi və humanitar yardımın göstərilməsi üçün qaranlıq mənbələr tərəfindən yetərincə vəsait ayrılıbdır və ermənilər də bu vəsaitləri rahat hulqum kimi həzmdən keçiriblər. Bir sözlə, Trampdan əvvəl Baydenin qılığına girib başını tovlayan haylar, onların Amerikada təşkilatlanan lobbiləri ağ evdə dilənçilik baxımından lap ağ ediblər. Amma indi daha ağ rəngə ümidləri belə qalmayıb, çünki vəsaitlərin kəsilməsi ilə qara günləri başlayıb.

Amerika yardımına arxalanan bir çox layihə və təşkilatlar təhlükə altında qalıblar

Xatırladaq ki, 2024-cü ildə Ermənistana 5 il ərzində 250 milyon dollar verilməsi haqqında saziş imzalanıb ki, bunun da 110 milyon dolları artıq köçürülüb. Bununla belə, 2025-ci ildə Tramp administrasiyası demokratik keçidi dəstəkləmək üçün nəzərdə tutulan 49 milyon dollar da daxil olmaqla, qalan vəsaiti dondurub. Qərar əvvəllər Amerika yardımına arxalanan bir çox layihə və təşkilatları təhlükə altına qoyub. İndi artıq QHT-lər, təhsil müəssisələri və dövlət proqramları maliyyə çatışmazlığı ilə üzləşirlər ki, bu da fəaliyyətlərin azalmasına və bəzi təşəbbüslərin bağlanmasına səbəb sayılır.

Göstərilən, sadalanan “rəqəmlərin” arxasında konkret məntiqi nəticələr var. İllərdir Ermənistanda USAİD, BMT-nin Demokratiya Fondu, Milli Demokratiya İnstitutu kimi guya tanınan NDİ, Beynəlxalq Respublikaçılar İnstitutu sayılan İRİ, Karnegi Fondu, dünyada şər iblisi kimi tanınan birinə məxsus olan Soros Fondu himayəsi altında onlarla proqram fəaliyyət göstərir və dəstək həmçinin diplomatik kanallar vasitəsilə Dövlət Departamenti, ABŞ Konqresindən olub. Bu strukturlar ölkədaxili proseslərə fəal təsir göstərmiş, amerikapərəst intellektual və siyasi mühitin formalaşmasına, mediaya dəstək verməsinə, təlim mərkəzlərinin yaradılmasına, təhsil islahatlarının aparılmasına və ümumiyyətlə, qərbyönümlü sosial təbəqənin formalaşmasına səbəb olmuşdur. İndi bütün bu layihələr təhlükə altındadır və ya artıq bağlanıb.

Məsələn, USAID 2025-ci ilə qədər Ermənistana hər il on milyonlarla dollar sərmayə ayırıb. Maliyyə islahatları, korrupsiyaya qarşı mübarizə, dövlət qulluqçularının təlimi, kənd yerlərinin inkişafı, qadınların sahibkarlığı, təhsilin modernləşdirilməsi, səhiyyə, İT sektoru və ətraf mühitin mühafizəsi təşəbbüsləri üzrə proqramlar üçün ayrılıb. Ermənistanın dövlət qurumları, o cümlədən Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, bələdiyyələr və məktəblər birbaşa texniki və maliyyə yardımı alıblar. Amma Trampın prioritetlərə yenidən baxmasından sonra bu sahələrin maliyyələşdirilməsi ya qismən, ya da tamamilə dayandırılıb.

Əslində, Ermənistandakı maraqlı qüvvələr bütöv bir “kölgə büdcəsi”ni, yəni təkcə qeyri-hökumət təşkilatlarına deyil, həm də real dövlət aparatına kömək edən Qərb təsirinin paralel infrastrukturunu itirib. İndi onlarla QHT maaşsız qalıb və acınacaqlı vəziyyət göz önündədir. Hayların lovğalandıqları vətəndaş təhsili mərkəzləri bağlanır. İndi artıq regional media mövcudluğunu qorumaq, fəaliyyətini davam etdirmək üçün pul axtarır. Sabit xarici qrantlara öyrəşmiş fəallar isə, bəziləri Avropa İttifaqına, bəziləri də depressiyaya doğru yön almaqla, öz istiqamətlərini dəyişməyə çalışırlar. Bir sözlə, hərəsi öz başına bir “çarə” tapmağa çalışır ki, bununla iflic vəziyyətindən yaxa qurtara bilsin.

Qərb dəyərlərinə yönəlmiş “aktiv vətəndaş cəmiyyəti” adlandırılan cəmiyyət indi artıq dilənməyə də hazırdır

Anlaşılan odur ki, Ermənistanda Qərbin qrant sistemi abstraksiya deyil. Bunlar konkret adlar və strukturlardır, onların bir çoxu bu gün real yaşamaq, mövcud olmaq, olum və ölüm problemi ilə üzləşiblər. Onların arasında Hüquqi İnkişaf Mərkəzi, Şəffaflıq Fondu, Erməni Gənc Hüquqşünaslar Assosiasiyası, Qadın Resurs Mərkəzləri Assosiasiyası və guya hər il insan hüquqlarının təbliği, seçkilərin monitorinqi, korrupsiya faktlarının araşdırılması və əhalinin maarifləndirilməsi üçün dəstək alan onlarla regional media orqanı var. Onlar Qərb dəyərlərinə yönəlmiş “aktiv vətəndaş cəmiyyəti” adlandırılan cəmiyyət olaraq, indi artıq dilənməyə də hazırdır.

Beləliklə, Amerika yardımının dayandırılması əvvəllər bu strukturlarla birbaşa qondarma və dırnaqarası əməkdaşlıq edənlər üçün soyuq duş effekti olaraq yadda qaldı. Yeri gəlmişkən, Milli Demokratiya İnstitutunun öz fondu da bu yaxınlarda Ermənistandakı fəaliyyətini rəsmən dayandırıb. İndi ABŞ prioritetlərini “daxili gündəmə” keçirəndə və maliyyələşdirmə siyasətini sərtləşdirən zaman İrəvan birdən anlamağa başlayıb ki, qərbyönlü siyasi addımlar təkcə siyasi baxımdan perspektivsiz deyilmiş, həm də iqtisadi baxımdan qısamüddətli imiş. Mexanizm qəfil uğursuz oldu və həmin mexanizmin dırnaqarası memarları sayılan diplomatlar, qrant alanlar, daha dəqiq dedsək, qrantyeyən siyasətçilər və jurnalistlər “oksigensiz” qalıblar.

Qərbə addımlamaqla Şərq də əldə gedib və Ermənistan geosiyasi tələyə düşüb

Bütün bunların fonunda Ermənistanın geosiyasi tələyə düşdüyü də getdikcə daha aydın görünür. Elə görünür ki, elə bil Qərbə doğru addımlamaqla, Şərqi də əlindən verib və itirib, hansı ki, indi də özünü itirir. Bəli, Avropa İttifaqı da “yumşaq diplomatiya” təklif edir, lakin pul cüzi miqdarda və əsasən məsləhətləşmələr şəklində gəlir deyə, haylar buna ağız büzürlər. ABŞ oyundan tamamilə kənarda qalıb və Aİİ və Rusiya bütün siyasi çətinliklərə baxmayaraq, real maliyyə təsirinə malik yeganə iqtisadi tərəfdaş kimi indi “görünməyə” başlayıb.

Ermənistanda “Amerika proqramlarının” bağlanması təkcə Tramp administrasiyasının qərarı deyil. Bu, artıq bir siqnaldır. Elə bir siqnaldır ki, bunu elə hamıdan əvvəl haylar özləri daha yaxşı başa düşürlər. Başa düşürlər ki, böyük geosiyasətdə zəif müttəfiqlərə qətiyyən yer yoxdur və ümumiyyətlə, strateji planda onlara, haylara, bütövlükdə Ermənistana qətiyyən ehtiyac duyulmur. Yəni, haylar və onların sonradan qondardıqları Ermənistan sadəcə olaraq, sxemdən kənarlaşdırılır. Bu da məhz Ermənistanın iflic vəziyyətində özünü bir daha göstərir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə