"Azərbaycan–Çin əməkdaşlığı yüksələn xətlə inkişafdadır" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyənnamənin qəbul olunması bu gün hər iki ölkənin daha geniş miqyasda əməkdaşlıq etməsinə imkan yaradıbdır. Çin Xalq Respublikasının dünyada artan mövqeyini, sürətli iqtisadi inkişafa malik olduğunu nəzərə alsaq, Azərbaycanın bu ölkə ilə münasibətlərinin yaxşılaşmasının böyük əhəmiyyət kəsb etməsini aydın görərik”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, cənab Prezident İlham Əliyev Çin Xalq Respublikası ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə böyük önəm verir.

“Dövlətimizin başçısı Çinin “Sinxua” agentliyinə verdiyi müsahibəsində dostluq münasibətlərimizə ətraflı aydınlıq gətirmiş və bildirmişdir ki, hər iki ölkə arasında getdikcə artan iqtisadi–ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Əlbəttə, bu potensialdan səmərəli istifadə etmək üçün dövlətlər bir–birlərinin təşəbbüslərini dəstəkləməli və birgə layihələrin həyata keçirilməsinə çalışmalıdırlar. Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər təqdir olunmalıdır. Azərbaycan ÇXR–in sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir və bu təşəbbüsün reallaşdırılmasına dəstək verməkdədir.

Azərbaycan ərazimizdən yükdaşımaların artmasını iqtisadi inkişafımızın əsaslarından biri kimi qiymətləndirir və buna görə də ölkədə yol təsərrüfatının genişləndirilməsinə böyük diqqət yetirilir. Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolunun salınması bu diqqətin nəticəsidir. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlər də uğurludur. Son illər 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometr sahə təmir edilmişdir. Azərbaycan ilə Çin arasında tranzit daşımalarının həcmi 2023-cü illə müqayisədə 86 faiz artmışdır. Çin həm də Azərbaycanın 4–cü ən böyük ticarət tərəfdaşıdır. Artıq əmtəə dövriyyəsinin həcmi 3,744 milyard dollar təşkil edir. Bildirildiyi kimi, iki ölkə arasında bütün sahələrdə iqtisadi–ticari əlaqələr, əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir ki, bu da xalqların və dövlətlərin yüksəlişi, insanların rifahı və təhlükəsizliyi üçün çox vacibdir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə