"Bizim missiyamız türk xalqlarının mədəni yaxınlaşmasıdır"

Son 30 ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində, ortaq tarixi irsin qorunub saxlanılmasında, incəsənətin inkişafında və vahid mədəniyyət məkanının formalaşmasında mühüm rol oynayır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, TÜRKSOY-un baş katibi Sultan Rayev eksklüziv müsahibəsində təşkilatın prioritetlərindən, Azərbaycanda həyata keçirdiyi təşəbbüslərdən və planlarından danışıb.

- Türk xalqlarının mədəni kimliyinin formalaşmasında TÜRKSOY-un rolunu necə qiymətləndirirsiniz?

- TÜRKSOY-un əsas missiyalarından biri də türk ölkələrinin mədəniyyət sahəsində inteqrasiya, yaxınlaşma və əməkdaşlıq yolu ilə birləşməsidir. TÜRKSOY son 30 ildə bu istiqamətdə fəal iş aparır. O, həqiqətən də Türk dünyasını birləşdirən, mədəniyyətimizin qorunub saxlanması və təbliği ilə məşğul olan təşkilata çevrilib.

- TÜRKSOY tərəfindən Azərbaycanda hansı mədəni təşəbbüslər həyata keçirilib?

- Son üç il ərzində biz Azərbaycanda bir çox əlamətdar tədbirlər keçirmişik. Mədəni-humanitar forumlar, media forumları və mədəniyyət məsələlərinə həsr olunmuş tədbirlər xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycanda bir sıra teatr festivalları təşkil etmişik. Bizim ilk festivalımız məhz bu ölkədə keçdi, daha sonra isə kino festivalı keçirildi. Ənənəvi Xarıbülbül festivalında Türk dünyasının sənətçiləri fəal iştirak edirlər - bu, bizim sevimli festivalımızdır. Biz mütəmadi olaraq Şuşada oluruq, orada keçirilən bütün tədbirlərdə iştirak edirik. Bundan başqa Azərbaycanda Türk dünyasının tanınmış rəssamlarının sərgisi təşkil olunub.

- TÜRKSOY-un ədəbi layihələri, türk xalqlarının ədəbi irsinin qorunub saxlanılması və təbliği ilə bağlı planları barədə nə deyə bilərsiniz?

- Biz Azərbaycan yazıçılarının əsərlərinin başqa dillərə bədii tərcüməsi ilə fəal məşğul oluruq. Bu il biz Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd edirik və bu dahi şairin şeirlərini Türk dünyasının bütün dillərinə tərcümə edirik. Onun yaradıcılığı bütün Türk dünyasının sərvətinə çevrilməlidir. Aprel ayında Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək, bu günlər çərçivəsində biz Bəxtiyar Vahabzadənin qırğız dilində kitabını təqdim edəcəyik.

- 2025-ci ildə Aktau Türk dünyasının mədəniyyət paytaxtı oldu. Bu statusun növbəti şəhərə verilməsi nə vaxta planlaşdırılır?

- 2026-cı ildə Özbəkistanın şəhərlərindən biri Türk dünyasının növbəti mədəniyyət paytaxtı elan olunacaq. 2023-cü ildə bu status Şuşaya məxsus olub, ondan sonra isə Türkmənistanın Anau şəhərinə verilib.

- TÜRKSOY yaxın vaxtlarda Azərbaycanda konkret hansı tədbirləri keçirməyi planlaşdırır?

- Yaxın vaxtlarda Türk dünyasının ilk cizgi filmləri festivalının keçirilməsi planlaşdırlılır. Hazırda bu tədbirə fəal hazırlıq gedir. Animasiya incəsənətin çox yaradıcı və müasir istiqamətidir və biz bunu Türk mədəniyyət məkanı çərçivəsində inkişaf etdirməkdən çox şadıq.

Ümumilikdə ilin sonuna kimi Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ondan çox proqram keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə