Polşa Respublikasının müftisi Tomaş Mişkeviç və Polşadakı tatar icmasının dəstəyi ilə Varşava şəhərində Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi qoyulub. Xatirə lövhəsinin açılışı fevralın 26-da Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş mərasim çərçivəsində baş tutub. SİA xəbər verir ki, mərasimdə Polşa müftisi, Polşanın dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələri, ictimaiyyət nümayəndələri, o cümlədən Azərbaycan, tatar və türk icmalarının təmsilçiləri iştirak ediblər.
Bir dəqiqəlik sükutla başlayan mərasimdə Xocalı soyqırımı qurbanları və bütün Azərbaycan şəhidlərinin ruhuna Quranı-Kərim oxunub. Ardınca, Polşa Respublikasının müftisi Tomaş Mişkeviç və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış ediblər.
Tomaş Mişkeviç Azərbaycan və tatar xalqı arasındakı həmrəyliyi qeyd edib. Xocalı soyqırımı ilə bağlı danışan müfti bu dəhşətli cinayətin təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman aləminin kədəri olduğunu bildirib.
Rəsmi çıxışlardan sonra xatirə lövhəsi açılışı baş tutub. Xocalı soyqırımından bütün xalqların dərs çıxarmalı olduğunu bildirən Tomaş Mişkeviç bu gün ən ali dəyərin soyqırımı cinayəti deyil, sülh olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə