XİN BBC nümayəndəliyinin bağlanmasını şərh edib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavablandırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, A.Hacızadə bununla bağlı deyib: "BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, məsələnin mahiyyətinin BBC tərəfindən təhrif olunması, ümumilikdə ikili standartlar yanaşması nəzərə alınaraq media azadlığı məsələsinə dair ölkəmizə qarşı BBC-nin açıqlaması təəssüf doğurur və qəbuledilməzdir.

BBC-nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar müvafiq şəkildə fevralın 13-də Xarici İşlər Nazirliyi tərəfindən BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb və mövqeyimiz qarşı tərəfə tam şəkildə izah olunub.

Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə bildirilib. Bu çərçivədə aparılmış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə “Media haqqında” Qanunun 11.2-ci maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb.

Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının BBC yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub.

Xatırlatmaq istərdik ki, oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə