"Avropadakı qeyri-müəyyənlik Ermənistanda narahatlıqları artırıb" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"ABŞ-da hakimiyyət dəyişikliyi, Rusiya-Ukrayna müharibəsi, enerji təhlükəsizliyi və bəzi ölkələrə yanaşmada ayrı-seçkilik ilə bağlı Avropadakı qeyri-müəyyənlik Ermənistanda narahatlıqları artırıb. Bu səbəbdən də İrəvan Rusiyadan uzaqlaşıb Qərbə meyillənməsi fonunda özünə təhlükəsizlik zəmanəti axtarışındadır". Bu sözləri SİA-ya siyasi-ekspert Elmir Səftərov açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti də anlayır ki, hazırkı vəziyyətdə Avropa ona bu zəmanəti verə bilməz. "Belə ki, Parisdə keçirilən Avropa liderlərinin sammitinə Çexiya, Rumıniya və Sloveniyanın dəvət olunmaması Avropa İttifaqı daxilində də dövlətlərin hamısının bərabər hesab olunmadığını göstərir.Cozef Baydenin prezidentliyi dövründə Ermənistanın açıq şəkildə dəstəklənməsi dövründə fəallıq nümayiş etdirən Nikol Paşinyan administrasiyası hazırda köhnə himayədarlarının əvvəlki kimi yanında olacağına əmin deyil. ABŞ-ın da Cənubi Qafqazla bağlı siyasətinin tam müəyyənləşməməsi Ermənistanın ambisiyalarını azaldır. Rusiyadan və onun söz sahibi olduğu təşkilatlardan uzaqlaşmağa çalışdığı bir vaxtda ABŞ və Rusiya ikitərəfli münasibətlərini bərpa etməyə səy göstərir. Özünün müstəqil xarici siyasəti olmayan Ermənistanın davranışları isə ABŞ və Rusiyanın nüfuz bölüşdürülməsindən sonra daha aydın olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə