Bakıda Hindistanın Respublika Günü qeyd edilib

Yanvarın 24-də Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin 76-cı Respublika Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Hindistanın Dövlət himnləri səsləndirilib.

Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan çıxışında tədbirin əhəmiyyətinə toxunaraq deyib: “Biz bu gün demokratiyamızın və tərəqqimizin özülü - önəmli bir hadisə olan Hindistanın sayca 76-cı Respublika Gününü qeyd etmək üçün toplaşmışıq”.

Səfirin sözlərinə görə, Hindistan və Azərbaycan dərin sivilizasiya və mədəni əlaqələrə malikdir ki, bu da 2024-cü ildə bir sıra yüksəksəviyyəli qarşılıqlı münasibətlərlə daha da güclənib: “Bizim iqtisadi əməkdaşlığımız çiçəklənməyə davam edir. İkitərəfli ticarətimiz güclü olub. 2024-cü ildə Hindistanın aparıcı qaz və neft şirkəti “ONGC Videsh Limited” (OVL) əlavə investisiya ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft və qaz yatağında, həmçinin “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri şirkətindəki səhmlərinin sayını artırdı”.

O qeyd edib ki, mədəniyyət sahəsində Azərbaycanın hindistanlı kinorejissorlar üçün axtarılan bir təyinat nöqtəsinə çevrilməsi ilə hind kinematoqrafiyası Azərbaycanda özünə xüsusi bir yer tapdı. Son illərdə təqribən 30 hind filmi və reklam filmləri Azərbaycanda çəkilib.

“Xalqlararası münasibətlərin inkişafı fonunda Hindistan Azərbaycana gələn turistlərin sayca ən çoxluq təşkil etdiyi üçüncü ən böyük mənbə olub. 2024-cü ildə 2023-cü illə müqayisədə Hindistandan gələn turistlərin sayı 2.1 dəfə artıb. Hindistanla Azərbaycan arasında birbaşa uçuş əlaqəsi qısa müddətdə həftədə 3 dəfədən 14 dəfəyə qalxıb. Mən əminəm ki, Hindistanla Azərbaycan arasındakı nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ticarət münasibətlərimizi və xalqlararası əlaqələri daha da gücləndirəcək.

Bizim ITEC (Hindistan Texniki və İqtisadi Əməkdaşlıq) proqramına flaqmanlığımız vasitəsilə çoxsaylı Azərbaycan rəsmiləri öz bacarıqlarını təkmilləşdiriblər və təqribən 450 hindistanlı tələbənin təhsilini Azərbaycanda davam etdirdiyini görə bilərik. Bu cür mübadilələr gələcək əməkdaşlıq və qarşılıqlı zənginləşmə üçün böyük vədlər verir”, - deyə o vurğulayıb.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, Hindistanla son illər əməkdaşlığımız üçün yaxşı imkanlar ortaya çıxıb. Hazırda ölkələrimiz arasında enerji, ticarət, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq dinamik inkişaf edir. Bu dinamikanı artırmaq və şaxələndirmək üçün Azərbaycan regionda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında maraqlıdır. Bu mənada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından səmərəli istifadə yalnız bizim birgə səylərimizlə mümkündür. Eyni zamanda, Orta Dəhliz ölkələr üçün etibarlı və təhlükəsiz imkan təqdim edir.

"Birbaşa hava əlaqəsinin bərpa edilməsi nəticəsində qarşılıqlı turist səfərlərinin sayında ciddi sıçrayış baş verib. Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb. Hazırda Hindistan ölkəmizə gələn turistlərin sayına görə 3-cü yerdədir. Son illər Hindistan film sənayesinin ölkəmizin füsunkar və tarixi yerlərinə marağı artıb. Bu, iki ölkə arasında mədəni mübadilənin, mədəniyyətlərarası dialoqun inkişafına, nəticədə xalqlarımız arasında əlaqələrin dərinləşməsinə xidmət edəcək", - deyə F.Rzayev vurğulayıb.

Tədbir ziyafətlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə