Təyyarə qəzasında həlak olanların xatirəsi Fələstində ehtiramla yad edilir
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı səbəbindən dekabrın 26-da Azərbaycanda matəm günü elan olunması ilə bağlı ölkəmizin Fələstin Dövlətindəki Təmsilçilik Ofisində dövlət bayrağı yarıya endirilib.
SİA-nın məlumatına görə, Təmsilçilik Ofisindən bildirilib ki, Fələstinin dövlət orqanlarına, bu ölkədəki beynəlxalq təşkilatlara və diplomatik nümayəndəliklərə nota göndərilib, matəmlə əlaqədar xatirə kitabı açılıb, Ofisin sosial şəbəkə hesabında paylaşım edilib.
Fələstinin dövlət və hökumət nümayəndələri, Fələstində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, yerli medianın rəhbərləri Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar. Başsağlığı qeydləri Təmsilçilik Ofisinin elektron ünvanı vasitəsilə də qəbul edilir.
Baş vermiş hadisə ilə əlaqədar Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış başsağlığı məktubunun əsli Fələstin Dövləti Prezidentinin Protokol xidmətinin rəisi Xalid Əl-Saadi tərəfindən Təmsilçilik Ofisinə şəxsən təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə