Qlobal Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları Qarabağa səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. SİA xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qonaqlara işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri başlanılıb. Artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəlləsində məskunlaşılar.

Diqqətə çatdırılıb ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə